Accessibility links

Müdafiə naziri Mattis Əfqanıstanla bağlı yeni strategiyanın hazırlanması prosesindən razılığını bildirib


ABŞ müdafiə naziri Cim Mattis Tramp administrasiyası tərəfindən Əfqanıstanla bağlı yeni strategiyanın hazırlanması prosesi ilə bağlı razılığını bildirib, lakin detallara varmayıb.

İordaniya paytaxtı Əmmanda danışan Mattis deyib ki, Ağ Ev tərəfindən rəsmi bildiriş olmayana qədər o, yeni siyasətlə bağlı açıqlama verməyəcək.

ABŞ prezidenti Donald Tramp şənbə günü onun administrasiyasının Əfqanıstanda 16 ildir sürən müharibə ilə bağlı qərar verdiyini bildirib.

Tramp Kemp Deyviddə prezident iqamətgahında milli təhlükəsizlik komandasının üzvləri ilə görüşdən bir gün sonra Tvitter səhifəsində açıqlama verib. “Kemp Deyviddə bizim istedadlı generallarımız və hərbi liderlərimizlə çox mühüm bir gün keçirdim. Əfqanıstan da daxil olmaqla, bir sıra qərarlar qəbul edilib”, Tramp yazaraq detalları açıqlamayıb.

Trampın mətbuat katibi Sara Hakabi Sanders cümə günü bildirib ki, yeni strategiya Amerikanın Cənubi Asiya regionunda maraqlarının müdafiə edilməsini əhatə edəcək və bunun təfərrüatları daha sonra açıqlanacaq.

Cümə günü Kemp Deyviddə görüş Əfqanıstan və daha geniş mənada Cənubi Asiya regionunda təhlükəsizliyə dair strategiya ilə bağlı yüksək səviyyədə keçirilən zirvə görüşləri silsiləsindən sonuncusudur. Strategiyanın yekunlaşdırılması fikir ayrılıqları ilə əlaqədar gecikdirilirdi.

Kemp Deyviddə keçirilən görüşdə vitse-prezident Mayk Pens və medafiə naziri Cim Mattis iştirak edib.

Görüşdən öncə Mattis cümə axşamı Vaşinqtonda müxbirlərə müharibə ilə bağlı yeni yanaşmanı əhatə edəcək strategiya ilə bağlı qərarın yaxın zamanlarda veriləcəyini bildirib.

Administrasiya yeni strategiyanın hazırlanmasından öncə Pakistan və Hindistan da daxil olmaqla, Cənubi Asiya regionu ilə bağlı yanaşmanın nəzərdən keçiriləcəyini bildirib. Yeni strategiyada Əfqanıstana əlavə minlərlə əsgəri qüvvənin göndərilməsi, ya da hərbi qüvvələrin bütünlüklə çıxarılması və ölkədə təhlükəsizliklə bağlı vəziyyətə nəzarət edilməsinə yardım məqsədilə hərbi kontraktorların saxlanması nəzərdə tutula bilər.

ABŞ və digər NATO ölkələrindən illərdir hərtərəfli dəstəyə baxmayaraq, Əfqanıstan hərbi qüvvələri hələ də Talibana müqavimət göstərməkdə çətinlik çəkir. Taliban son zamanlar Əfqanıstanın daxilində və Pakistanla sərhəd bölgəsində üstünlüklər əldə edib.

ABŞ-ın hazırda Əfqanıstanda təxminən 8 min 400, NATO-nun isə 5 min nəfərdən ibarət əsgəri qüvvəsi var. Bu qüvvələrin əsas funkasiyası məsləhət və təlim verilməsindən ibarətdir.

XS
SM
MD
LG