Accessibility links

ABŞ və Səudiyyə Ərəbistanı İranın sabitliyi pozan əməllərinə qarşı əməkdaşlığa hazırdır


ABŞ müdafiə naziri Ceyms Mattis Səudiyyə Ərəbistanının müdafiə naziri, şahzadə Məhammed bin Salmanla görüşdən sonra

Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanının İranın regionda sabitliyin pozulmasına yönəlmiş əməllərinin qarşısını alınması səylərinə dəstəyə sadiq qaldığını bildirib.

ABŞ müdafiə naziri Ceyms Mattis Ər-Riyadda səudiyyə ərəbistanlı həmkarı şahzadə Məhəmməd Bin Salmanla iki ölkə arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Danışıqlar zamanı habelə Səudiyyə Ərəbistanının İranın əməllərinə müqavimət göstərə bilməsi üçün ölkənin təhlükəsizliyinin gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.

“Biz bu regionu tərk etmirik, amma eyni zamanda, Səudiyyə Ərəbistanının hərbi qüvvələrinin, təhlükəsizlik xidmətləri və gizli xidmətinin güclü olması bizim maraqlarımızdadır”-deyə Mattis müxbirlərə bildirib.

Ərəb krallığı Mattisin Yaxın Şərqə səfərinin ilk dayancağıdır. ABŞ müdafiə naziri Ər-Riyaddan sonra Misir, İsrail və Qətərə səfər edəcək.

Ceyms Mattis çərşənbə günü Səudiyyə Ərəbistanının kralı Salmanla görüşüb.

Müdafiə nazirinin səfəri ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmmədi Ağ Evdə qəbul etməsindən bir ay sonraya təsadüf edir. Görüş zamanı İranın regionda sabitliyin pozulmasına yönəlmiş fəaliyyətlərinin qarşısının alınmasının əhəmiyyəti vurğulanmışdı.

Səudiyyə Ərəbistanının müdafiə naziri Mattisə ölkənin prezident Trampın liderliyinə böyük dəyər verdiyini deyib.

O həmçinin bildirib ki, iki ölkə regionda təhlükələrin qarşısının alınması məqsədilə birgə işi davam etdirəcək.

Səudiyyə Ərəsbitanı rəsmiləri ilə danışıqlardan sonra Pentaqon müxbirlərinin suallarını cavablandıran Mattis ölkənin Yaxın Şərqdə sabitliyə nail olunması məqsədilə regional liderlik roluna yüksək qiymət verib.

ABŞ müdafiə naziri həmçinin bildirib ki, Birləşmiş Ştatlar İranın Hizbullah qrupundan tutmuş Suriya prezidenti Bəşar Əl-Əsəd dəstəyinə qədər regiona göstərdiyi təsirləri diqqətlə izləyir.

XS
SM
MD
LG