Mayın 18-dən Azərbaycanda "Sputnik V” vaksininin vurulmasına başlanılır.
Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.
"Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam etməkdədir. Mayın 18-dən yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə vətəndaşlar Rusiya istehsalı olan "Sputnik V” vaksinindən də istifadə edə biləcəklər. Həmin vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində başlanacaq.
18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər. Qeyd edək ki, "Sputnik V” vaksini artıq dünyanın 65 ölkəsi tərəfindən tanınıb," məlumatda deyilir.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksinlərin ümumi sayı 1 777 426, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 026 376, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 751 050 nəfər təşkil edir.
Azərbaycanın Çinin "Sinovac" şirkətinə bundan ötrü 9 milyon doza vaksin sifariş etdiyi açıqlanıb (4.5 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var).
Həmçinin, Azərbaycana az miqdarda "Vaxzevria" vaksini də gətirilib və onların da tətbiqinə başlanılıb
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb.
Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.