Florida ştatının Meksika körfəzinin sahil bölgəsində yerləşən Meksiko Beach şəhərində Maykl qasırğasından sonra bərpa işləri uzun zaman aparacaq.
Qasırğa səbəbi ilə 17 nəfər həyatını itirib.
Xilas əməliyyatları davam etdikcə ölənlərin sayının artacağından ehtiyat edilir.
"Meksiko Beach viran qalıb" - deyə, qubernator Rik Skott bildirib. Şəhər saatda 250 kilomert sürətli küləklə müşayiət edilən qasırğa nəticəsində ABŞ tarixində qasırğaların dağıtdığı ən ağır bölgə hesab edilir.
Fəlakət zonasını ziayarət edən Rik Skott bildirib ki, 1000 nəfərlik sakini olan şəhər sanki müharibə zonasıdır.
Alabama, Corciya, Cənubi və Şimali Karolina ştatları da qasırğanın təsirinə məruz qalıb. Corciya ştatında 11 yaşlı qız uşağı da daxil olmaqla, 6 nəfər ölüb.
Milli Qvardiya və başqa ştatlardan təcili yardım xidmətləri zərər çəkən bölgələrə xilasetmə dəstələri və təchizat göndərib.
Maykl indiyədək qeydə alınmış ən güclü üçüncü qasırğadır.