Accessibility links

ABŞ senatoru Con Makkeynin vida mərasimləri çərşənbə günündən başlayır


Beyin xərçəngi ilə bir il mübarizədən sonra vəfat edən ABŞ senatoru Con Makkeynin Arizona ştatında və paytaxt Vaşinqtonda Kapitoli binasında ictimaiyyət üçün vida mərasimi keçiriləcək.

Cənab Makkeynin 82-ci ildönümünü qə qeyd ediləcəyi birinci mərasim çərşənbə günü Arizona ştatının paytaxtında özəl olaraq keçiriləcək. İctimaiyyət isə cənab Makkeynə öz rəğbətini ölkənin paytaxtında nümayiş etdirəcək.

İkinci özəl mərasim cümə axşamı Şimali Fineks Baptist Kilsəsində keçiriləcək.

Bayraqların yarıya qədər salındığı paytaxt Vaşinqtona cənab Makkeynin cənazəsi cümə günü gətiriləcək.

Kapitoli binasının baş memarının dediyinə görə, cənab Makkeyn fəxri vətəndaş kimi anım mərasimi Kapitol Rotondada keçirilən 13-cü senator olacaq.

Şənbə günü Vaşinqtonun Milli Kafedralında keçiriləcək mərasimə sabiq prezidentlər Barak Obama və Corc Buşun da qatılacağı gözlənilir.

Con Makkeyn Merelend ştatının Annapolis şəhərindəki ABŞ Hərbi Dəniz Qüvvələri Akademiyasının qəbiristanlığında dəfn ediləcək. Onun qəbri Severn çayının kənarında, vaxtilə onunla Hərbi Dəniz Akademiyasında qulluq edən dostu, admiral Çak Larsonla yan-yana olacaq.

XS
SM
MD
LG