Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğu Oğuz, Qəbələ rayonları ərazilərində meşə sahələrində, qoruqlarda ağacların qanunsuz olaraq kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan şəxsləri saxlayıb.
Müəyyən olunub ki, Oğuz (Bakıdan 360 kilometr şimal-qərb)və Qəbələ (Bakıdan 225 kiometr şimal-qərb) rayonları ərazisində yerləşən meşələrdə ağacları kəsərək emal müəssisələrinə satışı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstə tərəfindən həyata keçirilir.
“Araşdırmalarla məlum olub ki, dəstə üzvləri öz qulluq mövqelərindən sui-istifadə edərək uzun müddət Qəbələ, Oğuz rayonlarında meşə sahələrində ağacların qanunsuz kəsilərək satışı ilə məşğul olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov, mərkəzin baş mühasibi Sirac Kərimov, baş meşəbəyi İlqar Cəlalov, həmçinin idarənin məsul əməkdaşları Eyvaz Əliyev və Bakıxan Seyidəliyevin saxlanması təmin olunub. Direktor İlqar Qəribovun üzərinə və xidməti iş otağına baxış zamanı onun qanunsuz ağac kəsimindən əldə etdiyi külli miqdarda pul vəsaitləri və digər maddi sübutlar aşkar olunaraq götürülüb. Dəstə üzvlərinin qanunsuz olaraq ağac emalı sexlərinə satdıqları çoxlu sayda ağacın və onların oduncaqlarının yeri də müəyyən edilib. Ekspertlərin verdiyi rəyə əsasən dəstə üzvləri tərəfindən ağacların yaş halda kəsildiyi, hətta məhv edilən ağaclardan bəzilərinin yaşının 200-250 il olduğu məlum olunub,” məlumatda qeyd edilir.
Faktlarla bağlı dəstə üzvləri barədə cinayət işi başlanılıb.