Azərbaycanda qadağan edilən sahələrdə meşə sərvətlərinin tədarükü və yığılması nəticəsində meşə təsərrüfatına vurulmuş zərərə görə ödənişlər müəyyənləşib.
Ödənişlər Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” qərarında dəyişiklik sənədində əksini tapıb.
Belə ki, yabanı (cır) meyvələrin (alma, armud, zoğal, alça və s.) hər kiloqramına görə 1 manat, peyvənd meyvələr (alma, armud, zoğal, alça və s.) hər kiloqramına görə 2 manat, itburnunun hər kiloqramına görə 2 manat, çaytikanının hər kiloqramına görə 3 manat, digər dərman bitkilərinin hər kiloqramına görə 2 manat, şabalıd və fındığın hər kiloqramına görə 2 manat, qozun hər kiloqramına görə 2 manat, fıstıq toxumunun 1.5 manat, palıdın hər kiloqramına 1 manat, cökənin hər kiloqramına görə 1.5 manat ödəniş nəzərdə tutulur.
Bundan başqa, qamış, qarğı, meşə döşənəyi və tökülmüş yarpaqların hər kubmetrinə 50 qəpik ödəniş olmalıdır.
Meşələrdə yabanı meyvələrin icazəsiz yığılmasından dəyən ziyana görə cərimə tətbiqi əvvəllər də mövcud idi. Cərimələr Nazirlər Kabinetinin 2004-cü il tarixli 145 nömrəli qərarı əsasında müəyyən edilmişdi. Hazırda həmin qərara dəyişiklik edilib və cərimələrin məbləği artırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşələrin inkişafı departamentinin direktor müavini Ağaqardaş Qaraşov məlumat verib.
Meşə ərazilərində icazəsiz yığılan meşə sərvətlərinin hər kiloqramı üçün cərimələrin məbləği 3 dəfəyədək artırılıb.Ağadadaş Qaraşov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi
O bildirib ki, son 14 il ərzində cərimələrin məbləği çox aşağı olub.
“Cərimələrin məbləğində edilən dəyişiklik meşələrin qorunub mühafizə olunmasına və təqsirkar şəxslərin maddi məsuliyyətinin artırılmasına, meşə fonduna vurduqları faktiki ziyana uyğunlaşdırılmasına xidmət edir. Meşə ehtiyatlarının mühafizəsi sahəsində səmərəli mexanizmin tətbiqi, eləcə də meşələrə olan müdaxilələrin qarşısının alınması baxımından bu qərar böyük əhəmiyyət kəsb edir. Qərara edilən yeni dəyişikliklərə əsasən, meşə ərazilərində icazəsiz yığılan meşə sərvətlərinin hər kiloqramı üçün cərimələrin məbləği 3 dəfəyədək artırılıb. Məsələn, itburnu, şabalıd, fındıq və dərman bitkilərinin icazəsiz yığılması üçün əvvəl cərimə 80 qəpik idisə, indi 2 manatdır. Çaytikanı, qoz üçün tətbiq edilən cərimə əvvəl 1 manat 20 qəpik idisə, indi 3 manata bərabərdir. Ümumiyyətlə, meşə ehtiyatlarının bütün parametrləri üzrə, məsələn, mal-qara otarılmasına, ot çalınmasına, ağacların və kolların zədələnməsinə və digər müvafiq hallara görə də cərimələr artırılıb,” o qeyd edib.