Accessibility links

Elmar Məmmədyarov: Məcburi köçkünlərin layiqli şəkildə geri qayıtması çox vacibdir


“İŞİD-in məğlub edilməsi terror fəlakətinin aradan qaldırılması demək deyil. Lakin terrorizmə qarşı müharibə hər hansı bir dini və ya mədəniyyəti hədəf almaq üçün istifadə edilməməlidir. Terrorla mübarizə ilə bağlı tədbirlərin pro-aktiv olmasını təmin etmək də çox vacibdir. Terrorizmə qarşı mübarizə əhalinin məlumatlılığını artırmaq üçün önləyici yanaşmanı özündə əks etdirməlidir. Bu xüsusda, ekstremizmlə mübarizə məsələləri hökumət, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətləri, eləcə də dini icmalar, gənclər və qadın assosiasiyaları daxil olmaqla, bütün maraqlı tərəflərin koordinasiyası və əməkdaşlığı vasitəsilə inkişaf etdirilməlidir”.

Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Yaxın Şərqdə etnik və dini zorakılığın qurbanları mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında bildirib.

Onun fikrincə, bu gün qaçqınların və məcburi köçkünlərin vəziyyəti ən mürəkkəb və problemli məsələ olmaqda davam edir:

“BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatına əsasən, məcburi köçkünlərin sayı 41 milyona çatdığı bir dönəmdə məcburi köçkünlərin layiqli şəkildə geri qayıtması çox vacibdir. Biz çox sevinirik ki, məcburi köçkünlərin layiqli şəkildə öz evlərinə geri qayıtmasının vacibliyinə dair ortaq anlaşma və dəstək var. Azərbaycan məcburi köçkünlərin problemlərinə dair məlumatlılığı artırmaq üçün bütün səyləri tam dəstəkləyir”.

Nazir diqqəti azərbaycanlı məcburi köçkünlər məsələsinə də yönəldib.

“Azərbaycan dünyada adambaşına düşən ən çox sayda məcburi köçkünə sahibdir. Mənim ölkəmdəki bu vəziyyət beynəlxalq hüququ aşkar şəkildə pozaraq Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonunun işğal etməsi nəticəsində yaranıb. Hazırda Azərbaycanda məcburi köçkünlərin və qaçqınların sayı 1 milyonu ötür, bu da ümumi əhalinin 1/10-dən artıqdır”.

Məmmədyarov deyib ki, Azərbaycan qaçqın və məcburi köçkünlərin hüquqlarının tam bərpası onların öz doğma yurd-yuvalarına könüllü, təhlükəsiz, layiqli və dayanıqlı şəkildə dönməsini tələb edir.

“Təəssüf ki, bizim vəziyyətimizdə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən onilliklərlə yaşı olan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və məcburi köçkünlərin öz evlərinə qayıtması üçün beynəlxalq yardımlara baxmayaraq bu, hələ də qeyri-mümkündür”.

Nazir eyni zamanda deyib ki, qaçqın böhranının aradan qaldırılmasına töhfə vermək bəhanəsi ilə bəzi gizli maraqlar naminə Yaxın Şərqdən qaçqınların problemlərindən faydalanmaq kimi davamlı cəhdlər var.

“Suriyada vəziyyət pisləşdikdən sonra Ermənistan Suriya ermənilərini işğal altında olan Azərbaycan ərazilərinə yerləşməyə təşviq edir. Müxtəlif hesabatlara əsasən, yüzlərlə Suriya ermənisi işğal olunmuş Azərbaycan bu ərazilərində yerləşdirilib. Beynəlxalq qanunların, xüsusən Dördüncü Cenevrə Konvensiyasının və onun Əlavə Protokollarının ciddi şəkildə pozulması sayılan bu köçürmə siyasətinin arxasında azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının qarşısını almaq və işğal edilmiş ərazilərin ilhaqını təmin etmək siyasəti dayanır. Həqiqətən də, beynəlxalq ictimaiyyətin diqqəti Suriyadakı böhrandan çıxmağın yollarını axtarmağa yönələrkən, bu ölkənin əhalisinin problemlərinin başqa bir bölgədə sülh səylərini daha da mürəkkəbləşdirmək üçün istifadə olunduğunu bilmək dərindən narahatedicidir. Bu, tamamilə qəbuledilməz və yolverilməzdir”, o qeyd edib.

XS
SM
MD
LG