Azərbaycanı «Eurovision-2018» mahnı müsabiqəsində Aysel Məmmədova təmsil edəcək.
Bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin məlumatında bildirilir.
Yarışmaya qatılacaq ifaçının adı münsiflər heyətinin noyabrın 8-i keçirilən iclasında açıqlanıb.
A.Məmmədova 1989-cu ildə musiqiçi ailəsində doğulub. Onun Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil aldığı, Azərbaycan Dövlət Konservatoriyasını bitirdiyi bildirilir.
A.Məmmədova "Caspian Jazz&Blues Festival", Bakı Beynəlxalq Caz Festivalı, "MuzEnergo Festival of Music Improvisation", Montro Caz Festivalı, Qafqaz Caz Festivalı kimi beynəlxalq musiqi festivallarının iştirakçısı olub.
Pianoçu, vokalist və bəstəkar olan A.Məmmədovanın 2013-cü ildə tanınmış musiqiçilər Alexandre Coppaloni, 2015-ci ildə isə Deborah Carter-dən özəl dərslər aldığı deyilir.
2018-ci ilin Avroviziya mahnı müsabiqəsinin yarımfinalları mayın 8-i və 10-da, finalı isə mayın 12-də keçiriləcək.