Accessibility links

Media Hüquqları İnstitutu: Toplum TV-yə haker hücumu siyasi debatlar azadlığına hücumdur


Toplum tv
Toplum tv

Noyabrın 3-də Toplum TV internet televiziyasının Facebook səhifəsinə dağıdıcı haker hücumu olub.

Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli bildirib ki, kimliyi hələ bəlli olmayan cinayətkarlar onun mobil telefonuna haker basqını edib facebook hesabına daxil olublar. Onlar Ələsgər Məmmədlinin şəxsi məlumatlarını, şəxsi yazışmalarını tam olaraq kontrol altına alıb. Onun sözlərinə görə, baş vermiş hücumun əsas məqsədi Toplum TV-nin Facebook səhifəsini ələ keçirmək olub.

“Müdaxilə mobil telefonun sim kartına göndərilən SMS-in qanunsuz istifadəsi ilə baş verib. Yəni, mövcud nömrəmə gələn SMS-lər paralel olaraq telekommunikasiya qanunvericiliyinə görə sistemə texniki nəzarət edənlər tərəfindən istifadə edilib," Ələsgər Məmmədli qeyd edib.

O hesab edir ki, mobil telefona, kompüterə açıq, maneəsiz soxulmanı telekommunikasiya xidmətləri göstərən qurumların əlbirliyi olmadan etmək çox çətindir.

“Toplum TV-nin FB səhifəsinə soxulanlar jurnalist Şəmşad Ağanın təqdimatında "Toplumda Debat" verilişinin müxalif AXCP və Musavat Partiyalarınin rəhbərləri ilə olan canlı müzakirələrinin videolarını silib. Üstəlik, Toplum TV-nin işinə zərər vurmaq üçün onun FB səhifəsindən bir neçə min bəyənişi də ləğv ediblər.”

Məmmədlinin fikrincə, baş verənlər Azərbaycan Cinayət Məcəlləsinin 271, 272 və 273-cü maddələri ilə nəzərdə tutulan kibercinayət hadisəsidir.

“Cinayət işi başlanması, cinayət törədənləri və onlarla əlbir olanları, o cümlədən kommunikasiya qurumlarının məsul şəxslərini aşkar etmək, məsuliyyətə cəlb etmək üçün tam əsaslar vardır. Baş verən müdaxilə ifadə azadlığına, şəxsi həyatın gizliliyinə, fərdi məlumatların təhlükəsizliyinə kobud müdaxilədir və cinayət əməlidir. İnformasiya təhlükəsizliyi ilə bağlı məsul rəsmi qurumların bununla bağlı ciddi araşdırmasını və zəruri tədbir görməsini tələb edirəm,” Ələsgər Məmmədli bəyan edib.

Öz növbəsində, Media Hüquqları İnstitutu haker hücumunu pisləyən bəyanatla çıxış edib.

“Bu cinayətin hədəf seçdiyi ictimai dəyər sadəcə bir media qurumunun normal işləməsi deyil. Sadəcə bir və ya bir neçə şəxsin şəxsi həyat məlumatlarının qanunsuz ələ keçirilməsinin həmin şəxs üçün törətdiyi fəsadlar, mənəvi-psixoloji sarsıntılar və maddi itkilər deyil. Bunlar öz özlüyündə böyük zərərlər olsa da törədilmiş cinayətin yanakı etkiləridir. Baş verən bu qanunsuzluğun birbaşa hədəfi məhz ifadə azadlığı dəyəridir. Hər kəsin öz fikrini sərbəst ifadə etmək hüququnun, hər cür informasiyaları və ideyaları… şifahi və ya yazılı şəkildə, mətbuat və ya bədii ifadə formaları vasitəsilə və yaxud öz seçiminə uyğun olaraq digər üsullarla axtarmaq, almaq və yaymaq hüququnun cinayətkar hərəkətlətlə pozulmasıdır. Cəmiyyətin toplumda baş verənlərlə bağlı fərqli fikir və rəylər eşitmək, müzakirələr aparmaq haqqına, siyasi debatlar azadlığına hücumdur,” sənəddə qeyd edilir.

Media Hüquqları İnstitutu ümid edir ki, məsul qurumlar Konstitusiyanın, qanunların, insan haqları və azadlıqlarının belə cinayətlərdən qorunduğunu işdə sübut etmək üçün zəruri əməli addımların atılmasını gecikdirməyəcək.

Hökumət qurumları, hüquq mühafizə orqanları baş verən haker hücumu ilə bağlı yayılan məlumatlara hələ münasibət bildirməyib.

XS
SM
MD
LG