Accessibility links

RATİ Milli Məclisi ifadə azadlığını məhdudlaşdırmağa yönələn qanun layihəsini qəbul etməməyə çağırır


İRFS logo
İRFS logo

“Azərbaycanın Cinayət Məcəlləsində diffamasiya ilə bağlı müddəaların əhatə dairəsinin daha da genişləndirilməsi ifadə azadlığının onsuz da sərt şəkildə məhdudlaşdırıldığı bir ölkə olan Azərbaycanda mətbuat azadlığı üçün ciddi bir geriləmədir".

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) bəyanatında deyilir.

Azərbaycanda internetdə saxta istifadəçi adı və ya hesablardan yararlanaraq, böhtan və təhqirlərə yol verilməsinin cinayət məsuliyyəti sayılması barədə baş prokuror Zakir Qaralov qanunvericilik təşəbbüsü ilə çıxış edərək Milli Məclisə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi təqdim edib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi noyabrın 16-da qanun layihəsini parlamentin müzakirəsinə tövsiyyə edib.

Baş prokurorun təqdim etdiyi layihədə Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddəsinin əlavə edilməsi təklif edilir.

Layihəyə görə, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir edənlər 1000 manatdan 1500 manatdək, və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Baş prokuror tərəfindən Cinayət Məcəlləsinin 323-cü maddəsinin (Azərbaycan dövlət başçısının – Azərbaycan Respublikasının Prezidentinin şərəf və ləyaqətini ləkələmə və alçaltma) dispazisiya hissəsinə kütləvi tirajlarla müşayiət edilən internet informasiya ehtiyatları sözü salınmaqla, Cinayət Məcəlləsinin 148-1 maddəsindəki əməllər prezidentə qarşı yönələrsə məsuliyyət yaradacaq.

Burada iki hissədə (maddə 323.1, 323.2), - birinci hissədə azadlıqdan məhrumetmə, cərimə və islah işləri nəzərdə tutulur. İkinci hissədə isə ölkə başçısını ağır və xüsusilə ağır cinayətlərdə ittiham etdikdə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

RATİ Azərbaycan hakimiyyətinə diffamasiyaya görə cinayət məsuliyyətinin reqressiv olduğunu və insan hüquqları barədə beynəlxalq hüquqla bir araya sığmadığını xatırladaraq, Milli Məclisi internetdə böhtan və təhqirə yol verməkdə ittiham olunan şəxslərin ağır cərimə və həbs cəzalarına məhkum olunması barədə baş prokurorun təqdim etdiyi dəyişiklikləri qəbul etməməyə çağırır.

Təşkilat hesab edir ki, qanuna təklif olunan dəyişikliklər Milli Məclisin bir neçə deputatının populyar internet bloqu Sancaq Prodakşn (Sancaq Production) və Meydan TV barədə dövlət başçısını tənqid etdiklərinə görə sərt çıxışlar etməsi və qeyd olunan mediaların bağlanmasına çağırış etməsindən qısa bir zaman sonraya təsadüf edir.

"Hökumət ənənəvi medianın bütün formalarını effektiv şəkildə susdursa da, tənqidi səslər, müxalif fikirlər üçün nisbətən azad məkan olan internetdə mövcudluqlarını qoruya biliblər. İnternetdə ifadə azadlığını məhdudlaşdıran cinayət məsuliyyəti təhlükəsi Azərbaycanın dinamik bloqçu və internet fəalı icmasının bünövrəsinə sarsıdıcı bir zərbədir”, RATİ direktoru Emin Hüseynov qeyd edib.

RATİ xatırladır ki, 323.1-ci maddə özü Azərbaycanın insan hüquqları, xüsusən də ifadə azadlığının qorunması ilə bağlı öhdəliklərinə ziddir. İnsan hüquqları üzrə beynəlxalq hüquqa əsasən, hər hansı fərdi şəxsə nisbətən dövlət məmurunu tənqid etmə həddi daha yüksəkdir. Bu maddə isə dövlət vəzifəlilərini qanuni tənqid etmə imkanlarını beynəlxalq standartlarla icazə verilməyən həddə məhdudlaşdırır.

“Azərbaycan hökuməti 2012-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda diffamasiyaya görə cinayət məsuliyyətini ləğv etməyi vəd edib. Lakin, diffamasiya ilə bağlı yeni qanunun qəbul olunması istiqamətində heç bir addım atılmaması açıq-aydın hökumətin öz öhdəliklərini yerini yetirməkdə maraqlı olmadığını göstərir”, Hüseynov vurğulayıb.

RATİ Milli Məclisi təklif olunan dəyişiklikləri rədd etməyə, Konstitusiya ilə vətəndaşların hüquqlarının təminatçısı olan ölkə prezidentini isə diffamasiya müddəalarını Cinayət Məcəlləsindən çıxarmaqla ifadə azadlığını qorumağa çağırır.

RATİ həmçinin Azərbaycan hökumətini cinayət sanksiyalarının şəxsi nüfuza zərər vurma probleminə qeyri-müvafiq və qeyri-mütənasib olduğunu etiraf etməyə və Azərbaycan qanunvericiliyinin diffamasiya ilə bağlı bütün cinayət müddəalarını ləğv etməyə çağırır.

RATİ beynəlxalq təşkilatları, xüsusilə BMT, ATƏT və Avropa Şurasını Azərbaycan hökumətini təkidlə diffamasiyaya görə cinayət məsuliyyətini ləğv etməyə səsləməyə çağırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG