"Azadlıq” qəzetinin həbsdə olan maliyyə direktoru Faiq Əmirlinin səhhəti son günlər pisləşib, bu barədə onun həyat yoldaşı Lalə Əmirli öz Facebook səhifəsində yazıb.
“Sonuncu telefon danışığı zamanı o, mədəsində kəskin ağrıların yenidən baş qaldırdığını bildirib”, deyə həyat yoldaşı məlumat verib.
Vəkil Aqil Layıcov öz növbəsində bildirib ki, payızın gəlməsi ilə F.Əmirlinin mədə xorası kəskinləşib, dieta və normal müalicə olmaması isə onun vəziyyətini ağırlaşdırıb.
“Müvafiq müalicə və qulluğun olmaması Əmirlinin xəstəliyini və vəziyyətini ağırlaşdırır”, deyə o qeyd edib.
Vəkil həmçinin bildirib ki, dəfələrlə müraciət olunmasına baxmayaraq, istintaq indiyədək Əmirlinin avtomobilini qaytarmayıb. Avtomobil guya içərisində ekstremist kitablar tapıldıqdan sonra müsadirə olunub.
Bu iş üzrə sənədlər Avropa İnsan Hüquqları Məhkəməsinə hazırlanır, deyə vəkil qeyd edib.
F.Əmirli avqustun 20-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin (milli, irqi, dini düşmənçilik salmaq) 283-2-ci maddəsilə ittiham irəli sürülüb. Avqustun 22-də isə 168.1-ci maddə ilə (dini məzhəbləri yaymaq) ittiham verilib.
F.Əmirli ittihamları qəbul etmir. Buna görə o, istintaqa hər hansı ifadə vermir.