Accessibility links

Ələsgər Məmmədli: 26 yaşlı “Azadlıq”, 24 yaşlı ANS dayandırılıb [Video-müsahibə]


Ələsgər Məmmədli: 26 yaşlı “Azadlıq”, 24 yaşlı ANS dayandırılıb
please wait

No media source currently available

0:00 0:07:42 0:00

Media eksperti Amerikanın Səsinə müsahibəsində media və sosial şəbəkələrdən danışıb

Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda azad medianın son durumu və sosial şəbəkələrdən danışıb.

Amerikanın Səsi: Son zamanlar qanunvericiliyə sosial şəbəkələr və blogerlərlə bağlı narahatlıqla qarşılanan dəyişikliklər təklif edilir. Mətbuat Şurasının rəhbəri isə sosial şəbəkələrlə bağlı ayrıca qanunun vacibliyini bildirib. Sizcə sosial şəbəkələrə qarşı belə münasibətlərin səbəbi nədir?

Ələsgər Məmmədli: Sosial şəbəkələri hansısa çərçivəyə salmaq, hansısa dairə çərçivəsində göstərmək təşəbbüsünün yeganə səbəbi qismən mövcud olan sosial şəbəkə azadlığının varlığıdır. Qismən Azərbaycan ictimai rəyində sosial şəbəkələrin qaldırdığı məsələlərə cəmiyyətin reaksiyası və onu həll etmək gücüdür. Yeganə, tam azad ola biləcək müstəvilərdən biridir. Təbii ki, azadlıq burada özünüsenzura çərçivəsində dərk edilməlidir. Bu baxımdan hökumət hələ tam diqtə etmədiyi, istədiyini tam aydın şəkildə görmədiyi mühit olan

Hökumət sosial şəbəkələri qanunvericilik problemi varmış kimi göstərərək əlavə boyunduruq altına salmaq, yaxud da çərçivəyə salmaq təklifləri ilə çıxış edir.

Bunun Mətbuat Şurasının sədri tərəfindən səslənməsi də təbii ki, ən təəssüfedicidir. Mətbuat Şurası əslində mətbuatın azadlığını, mətbuatın müstəqil, sərbəst fəaliyyət göstərməsi imkanlarını daha öndə tutmalıdır və onun tərəfindən çıxış etməlidir. İndiki halda daha çox hökumət tərəfdən çıxış edib.

Amerikanın Səsi: Elektron media sahəsində durum necədir? Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bir neçə il öncə yerli televiziyaların verilişlərinin maraqsız olduğunu bildirib, BBC, CNN standartlarının tətbiqinin vacibliyindən danışıb. Yerli televiziyalar bu istiqamətdə təkmilləşdirmələr aparıbmı?

Televiziyalar daha çox əyləncə və hansısa ucqar yerlərdə toyları göstərməklə məşğuldur.

Ələsgər Məmmədli: Prezident Administrasiyasının rəhbəri geniş bir məqalə ilə çıxış etmişdi ki, Azərbaycan tamaşaçıları artıq Azərbaycan televiziyalarına yox, Türkiyə və Rusiya televiziyalarına daha çox baxır. Bu çərçivədə də o irad tutaraq, onların öz yaradıcılığını, öz fəaliyyətini yenidən nəzərdən keçirmələrinin zəruriliyini qeyd etmişdi. Bu dövr ərzində mən geri baxdıqda görürəm ki, artıq televiziyaların sayı da azalıb, televiziyaların efirindəki rəngarənglik də azalıb. Televiziyalar daha çox əyləncə və hansısa rayonlarda, ucqar yerlərdə toyları göstərməklə məşğuldur, ya da hansısa bayağı didişmə proqramlarına daha çox üstünlük verirlər. Amma cəmiyyəti narahat edən, onu düşündürən, onu maarifləndirən proqramlar demək olar ki, efirdən tamamən yox olub. Bu onu g[stərir ki, keçən dövr ərzində, bu tənqiddən sonrakı mərhələdə nəinki buna uyğun şəkildə davranılıb, mövcud vəziyyət daha da pisləşib.

Amerikanın Səsi: Son illər Azərbaycanın çoxtirajlı qəzetləri “Azadlıq”, “Zerkalo” və digər media orqanları çapını dayandırıb. ANS televiziyasının lisenziyası alınıb. Sizcə, azad medianı dəstəklədiyini bəyan edən rəsmi qurumlar hansı səbəbdən bu KİV-lərin fəaliyyətini davam etdirməsinə yardım etmədi?

Bir jurnalistin normal şəkildə bir reportaj hazırladığı zaman verdiyi sual və getdiyi mühitə görə televiziyanın suçlanması ifadə azadlığına çox ciddi şəkildə dözümsüzlüyün bir nəticəsidir

Ələsgər Məmmədli: Doğrudan da 2016-cı il bu aspektdən mənfi mənada yadda qalan bir il kimi tarixə düşüb. Çünki 1989-cu ildən bəri fəaliyyət göstərən, 26 illik bir qəzet (Azadlıq-red.) fəaliyyətini dayandırıb. Bu qəzet həm də Azərbaycanın müstəqillik tarixi ilə bağlı bir qəzet idi. Bu qəzet xüsusən də son illər hökuməti tənqid edən, tənqidçi bir media kimi yadda qalıb. Bu çox ciddi problemdir. İkinci bir məqam, Azərbaycanın yenə ilk müstəqil televiziyası, 1992-ci ildən fəaliyyət göstərən ANS televiziyası öz fəaliyyətini dayandırıb. Bu dayandırma heç də sıradan bir dayandırma da olmadı. Çünki terroru dəstəkləməkdə suçlandırılan, eyni zamanda bir jurnalistin normal şəkildə bir reportaj hazırladığı zaman verdiyi sual və getdiyi mühitə görə televiziyanın suçlanması ifadə azadlığına çox ciddi şəkildə dözümsüzlüyün bir nəticəsidir. Ayrıca da, çox aydın şəkildə məhkəmə-hüquq sisteminin deyil, Teleradio Şurasının qərarı ilə lisenziyanın alınması, daha sonra isə məhkəmədə bunun bərpa olunmaması onu göstərdi ki, media azadlığının təminatçısı kimi məhkəmə də rol oynaya bilmir. Dövlət bunu niyə dəstəkləmir və ya bunu dəstəkləyə bilməzmi?- sualına gələndə son illər, xüsusən KİV-ə ayrılan vəsaitlər, onun təyinatı, onun trayektoriyası, o çərçivədə yardım olunanların adları göstərir ki, hökumət daha çox özünü dəstəkləyən və ya onu tənqid etməyən tərəfə hansısa vəsait buraxmağa meyllidir. Amma onu tənqid edən, onun problemlərini, ümumiyyətlə cəmiyyətin problemlərini obyektiv işıqlandıran tərəfə dəstək vermək istəmir. Arzu olunandır ki, hökumət heç kimə dəstək verməsin, sadəcə azad media mühiti yaratsın, azad rəqabət mühiti yaratsın, azad rekalm qəbuletmə və yayma imkanı yaratsın. Amma bu istiqamətdə ildən-ilə, aydan-aya vəziyyət gərginləşib. Hazırda müstəqil medianın heç bir reklam gəlirləri yoxdur, özünü ayaqda tutma imkanı yoxdur. Olanlar da ancaq kontrollu şəkildə kimə reklam verilirsə, öncədən bəlirlənmiş, hətta fəaliyyətə görə deyil, hovuzdan ayrılan paya görə bölünən paylardır. Yəni, bu fəaliyyət nəticəsində əldə olunan gəlirlər deyil. Təbliğat nəticəsində mövcud olması zəruri görülən kateqoriyada ayaqda tutulan mediadır. Ona görə də 2016-cı il təəssüf ki, hökumətin media azadlığı baxımından atdığı addım yox, daha çox qanunvericiliyə gətirdiyi sərtliklərlə, eyni zamanda daha çox tənqidi və qismən tənqidi mövqeləri ilə ictimai rəydə bəlli bir yeri olan qəzetin, televiziyanın bağlanması ilə yadda qaldı. Eyni zamanda, sosial şəbəkələrə, internetə yenidən bənd vurmaq, yenidən məhdudlaşdırmaq cəhdləri ilə yadda qaldı.

Amerikanın Səsi: Azad media sahəsində durumun normallaşması üçün hansı addımları vacib sayırsınız?

Məhkəmələr azad, müstəqil fəaliyyət göstərmirsə, əgər siyasi sifarişlər həyata keçirirsə, o ölkədə nə azad media, nə də azad iqtisadiyyat ola bilməz.

Ələsgər Məmmədli: Azad media üçün vacib olan birinci, dövlətin azad media mühiti yaratmaq və onların fəaliyyətinə qarışmamaq öhdəliyidir. Bilirsiniz, hüquqda iki tip öhdəlik var. Biri nə isə iş görmək, digəri isə qarışmamaq. İfadə azadlığı ilə bağlı qarışmamaq və mühit yaratmaq öhdəliyi var. Burada ciddi problemlərimiz var və davam edir. Həm qanunvericilik aspektində, həm də praktiki vəziyyət. Məncə, bu istiqamətdə ciddi islahatlar zəruridir. İkinci, medianın ayaqda durması üçün iqtisadi azadlıqlar çox önəmlidir. Çünki mediada rəqabət mühiti olması, reklam qəbul etməsi, bu iqtisadiyyatla çox sıx bağlı məqamdır. Əgər burada monopoliya varsa, artıq bazar sıxlaşır və bazarda tələb yaranmır. Deməli, heç kimə reklam lazım deyil. Üçüncüsü, azad və müstəqil məhkəmə çox önəmlidir. Məhkəmələr azad, müstəqil fəaliyyət göstərmirsə, əgər siyasi sifarişlər həyata keçirirsə, o ölkədə nə azad media, nə də azad iqtisadiyyat ola bilməz. Bu üç istiqamət öncəlikdə olaraq çox ciddi islahata ehtiyac duyulan və atılan zəruri addımları özündə ehtiva edən tərəfdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG