Accessibility links

Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanı saytların bloklanmasına son qoymağa çağırır


Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi_logo

Azərbaycan hökuməti beş müstəqil media saytına girişin bloklanması cəhdlərinə son qoymalıdır.

Hakimiyyət həmin saytların faktiki bloklanmasına dair qərarını ləğv etməli və onlara giriş imkanları yaratmalıdır. Bu barədə Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) bəyanatında deyilir.

Azərbaycan Rabitə Nazirliyinin məhkəmədə qaldırdığı iddiada “Azadlıq” qəzetinin, Berlində yerləşən “Meydan” TV onlayn resursun, “Azad Avropa” radiostansiyasının Azərbaycan redaksiyasının, “Azərbaycan Saatı” və “Turan” TV onlayn videokanalların saytlarına daimi senzuranın tətbiq edilməsi tələb olunur.

“Meydan” TV-nin vəkili Elçin Sadıqov bildirib ki, Azərbaycan İnternet-provayderləri rabitə naziri Ramin Quluzadənin göstərişi ilə martın 27-dən həmin beş sayta girişi bloklayıb. Nazirlik bu veb-saytların Azərbaycanın milli təhlükəsizliyinə təhdid olmasına əsaslanaraq bu senzuranı daimi etmək istəyir.

“Əgər hökumətin bildirdiyi kimi, beş xəbər saytı Azərbaycanın milli təhlükəsizliyinə qorxu yaradırsa o zaman bütün dünya və bütün azərbaycanlılar bu ölkənin zəifliyinə görə narahat olmalıdırlar”, CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Nina Oqnyanova bildirib.

“Azərbaycan hökuməti bu mühüm xəbər və təhlil mənbələrinə senzuranın tətbiqini dərhal dayandırmalı, Azərbaycanda xəbərlərə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmalıdır”.

E.Sadıqov deyib ki, hökumətin xeyrinə məhkəmə qərarı “çox təhlükəli presedent” yarada bilər: “Əgər məhkəmə hökumətin xeyrinə qərar qəbul edərsə çox güman ki, bu, hökumətə imkan verəcək ki, bütün müstəqil jurnalistlərin milli təhlükəsizliyə qorxu olduğunu bəyan edərək onları məhkəmə qaydasında təqib etsin”.

RFE/RL prezidenti Tomas Kent Rabitə Nazirliyinin iddiasını “görünməmiş senzura” adlandırıb.

“Azadlıq” radiosunun saytı hakim ailə və onun yaxın ətrafının maliyyə maxinasiyaları barədə məlumatların yayımlanmasından sonra bloklanıb.

XS
SM
MD
LG