Accessibility links

Jurnalist barədə 4 aylıq həbs seçilib (Yenilənib-2)


Əziz Orucov
Əziz Orucov

Bkının Nəsimi rayon Məhkəməsi Əziz Orucov barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri secib.

Bu barədə Amerikanın Səsinə vəkil Elçin Sadıqov bildirib. Jurnalist özünü təqsirli bilmir. Qərardan apelyasiya şikayəti veriləcək.

***

"Kanal-13" internet televiziyasının icraçı direktoru Əziz Orucovun 30 günlük inzibati həbs müddəti başa çatdıqdan sonra ona qarşı qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları irəli sürülüb. Bu barədə Amerikanın Səsinə vəkil Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi Orucovu Cinayət Məcəlləsinin 192.2.2-ci (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edir.

Sadıqov qeyd edib ki, Orucova qarşı iş 2014-cü ilin yazında onlarla QHT-yə qarşı açılmış ümumi işdən ayrıca icraata ayrılıb.

İttihamlar "Kanal-13"ün və "Qafqaz" Media Araşdırmaları Mərkəzi QHT-nin fəaliyyəti ilə bağlıdır.

Prokurorluq Nəsimi rayon Məhkəməsinə Orucovun 4 ay müddətinə həbs edilməsi haqqında təqdimat göndərib.

Xatırladaq ki, Orucov mayın 2-də polisə tabe olmamaq ittihamı ilə həbs edilib.

***

Jurnalist Əziz Orucov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsinə aparılıb.

Bu barədə hüquq müdafiəçisi Samir Kazımov facebook səhifəsində yazıb.

“Vəkil Elçin Sadıqovla "Siyəzən işi" məhkəməsindəyik. İndicə Elçin bəyə müstəntiq zəng edərək jurnalist Əziz Orucovun Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparıldığını dedi. Müstəntiq bildirib ki, Əziz Orucov vəkil kimi Elçin Sadıqovu istəyib. Vəkil məhkəmədən çıxıb ora gedəcək”, o yazıb.

"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov ötən ay Bakının Nəsimi rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbsə məhkum edilib. O İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılıb.

"Kanal 13" internet televiziyası 2008-ci il oktyabrın 10-dan canlı yayımlanır.

"Kanal 13" saytında bildirir ki, özlərini digər efir məkanlarında azad ifadə etməyə imkan tapmayan QHT-lərin, hüquq müdafiəçilərinin, gənclər təşkilatlarının, ictimai birliklərin və digər qurum və təşkilatların nümayəndələrinə söz demək, həmçinin irqindən, dilindən, dinindən, cinsindən, milliyyətindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hamı üçün bərabər efir imkanı yaradır.

XS
SM
MD
LG