Accessibility links

Əfqan Muxtarlı: “Gürcüstan cəmiyyəti İvanişvili diktaturasının yaranmasına imkan verməyəcək”


Əfqan Muxtarlı. Bakı, Azərbaycan. 31 may 2017
Əfqan Muxtarlı. Bakı, Azərbaycan. 31 may 2017

“Gürcüstanda insan hüquqlarının müdafiəsi uğrunda mübarizə aparan və mənim hüquqlarımı müdafiə edən jurnalist həmkarlarıma, vətəndaş cəmiyyəti fəallarına, Gürcüstan prezidentinə, bütün ictimai-siyasi təşkilatlara təşəkkür edirəm. Ümid edirəm ki, Gürcüstan cəmiyyəti demokratiya və azadlıqlar uğrunda sona qədər mübarizə aparacaq və ölkədə İvanişvili (Gürcüstanın keçmiş baş naziri Bidzina İvanaşvili nəzərdə tutulur-red) diktaturasının yaranmasına imkan verməyəcək”. Bu bəyanatı vəkil Nemət Kərimli 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Əfqan Muxtarlıya istinadən Amerikanın Səsinə bildirib.

Vəkil iyunun 9-da təcridxanada Muxtarlı ilə görüşüb.

Əfqan Muxtarlı mayın 29-da oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. O, Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etməkdə ittiham olunur. Eyni zamanda, jurnalistə 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona bilkin istintaq dövründə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Muxtarlı məhkəmədə bildirib ki, Gürcüstandan zorla gətirilib, ona işgəncə verilib və cibinə 10 min avro pul qoyulub.

Vəkil bu günki görüşdən sonra deyib ki, Əfqan Muxtarlının saxlanma şəraitindən şikayəti yoxdur.

“Onun telefonla ailə üzvləri ilə danışmasına qeyri-rəsmi qadağa qoyulub. Təcridxana rəhbərliyi bu gündən həmin məsələnin həll olunacağını bildirib”, Kərimli deyib.

Vəkil bildirib ki, Əfqan Muxtarlı Azərbaycanda onu müdafiə edən bütün dostlara təşəkkürünü bildirib.

Nemət Kərimlinin sözlərinə görə, Əfqan Muxtarlı, onun oğurlanması və həbsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək üçün gürcü vəkillərinə etibarnamə verib.

Əfqan Muxtarlının bəyanatına Gürcüstanın keçmiş baş naziri Bidzina İvanaşvili hələ münasibət bildirməyib.

XS
SM
MD
LG