Accessibility links

“ANS əmlakını binadan çıxarmır”, Zoologiya İnstitutunun direktoru


ANS
ANS

ANS televiziyası hələ də Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun binasındakı əmnlakını çıxarmır. Prokurorluqdan deyiblər ki, bir yer tapın əşyaları biz ora köçürək. İndi yer axtarırıq. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov bildirib.

Elman Yusidfovun sözlərinə görə, ANS Zoologiya İnstitutunun yerləşdiyi binada 3000 kvadrat metr qeyri-yaşayış sahəsini boşaltmır. Belə ki, ANS-in Dövlət Əmlak Komitəsi ilə bağladığı icarə müqviləsi 2016-cı il oktyabrın 1-dən qüvvədən düşüb. Bu sahənin 1000 kvadratmetrinin qapıları (binanın birinci mərtəbəsi) istintaq orqanı tərəfindən möhürlənib və polis nəzarətindədir. Qalan 2000 kvadrat metr ərazidən isə ANS əmlakını çıxarmır.

AMEA-nın rəhbərliyi əmlakın binadan çıxarılmasına kömək etmələri üçün Baş Prokurorluğa müraciət edib.

Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyədə 2016-cı il 15 iyul hadisələrindən sonra ANS televiziyasının efirində Fethullah Gülenin müdafiəsinə yönəlik, terrora çağırış xarakterli materialların yayımlandığını iddia edərək, 18 iyul 2016-cı ildən etibarən bu kanalın yayımını dayandırıb. Şura daha sonra ANS-ə 25 oktyabr 2013-cü ildə verilmiş lisenziyanın ləğvi üçün məhkəməyə müraciət edib. Məhkəmə iddianı təmin edib. Ali Məhkəmə bu qərarı qüvvədə saxlayıb. ANS rəhbərliyinin həmin qərardan Avropa Məhkəməsinə şikayət etdiyi bildirilir.

ANS Milli Teleradio Şurasının iddialarını qəbul etmir və terrora çağırış xarakterli verilişlər yaymadığını bildirir.

Lisenziyası ləğv edilmiş ANS televiziyasının kollektivi bu il mayın 17-də 2003-ci ildə dünyasını dəyişmiş keçmiş prezident Heydər Əliyevə müraciət edib.

Müraciətdə deyilir: "Ulu Öndərimiz! Böyük Dostumuz və Liderimiz! Əziz Heydər Əliyev! Sizə rəhmət olsun! Ruhunuzu narahat etdiyimizə görə üzr istəyirik. Amma başqa çıxış yolumuz qalmadı. Özünüz bizə dəfələrlə tapşırmışdınız ki, bir çətinliyə düşsək, sizə müraciət edək. İndi məhz o zamandır”, sənəddə deyilir.

Lakin, ANS-in bu müraciətinə də hələ cavab verilməyib.

XS
SM
MD
LG