Accessibility links

Jurnalist Natiq Cavadlı prokurorluqda dindirilib


Natiq Cavadlı
Natiq Cavadlı

İyunun 21-də jurnalist Natiq Cavadlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində üç saata yaxın dindirilib.

Bu barədə jurnalistin özü bildirib.

Onun sözlərinə görə, dindirmə jurnalist Əfqan Muxtarlı və "Meydan TV" İnternet resursun fəaliyyəti üzrə cinayət işi ilə bağlı olub.

Jurnalistdən dindirmənin açıqlanmaması barədə iltizam alınıb.

Bundan əvvəl jurnalistlər Sevinc Vaqifqızı, Xədicə İsmayıl, Müsavat Partiyasının keçmiş və indiki rəhbərləri İsa Qəmbər, Arif Hacılı və təşkilatın İcra Aparatın rəhbəri Gülağa Aslanlı da Ə.Muxtarlının işi üzrə dindirilib.

Ə.Muxtarlı mayın 29-da Tbilisidə müəmmalı şəkildə yoxa çıxıb və mayın 30-da Bakıda həbs edilib.

O, sərhəddi qanunsuz keçməkdə, qaçaqmalçılıqda, sərhədçiyə müqavimət göstərməkdə ittiham olunur. Jurnalist ittihamları qəbul etmir.

Avropa Parlamenti Ə.Muxtarlının işi üzrə qətnamə qəbul edib və onun azadlığa buraxılmasını tələb edib.

XS
SM
MD
LG