Accessibility links

İlham Əliyev: "Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz azadlığı təmin olunur"


İlham Əliyev
İlham Əliyev

"Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır. Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz azadlığı təmin olunur".

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə ki, bu fikri iyulun 20-də Azərbaycan prezidenti İlham Əliyev jurnalistlərə tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində deyib.

Azərbaycanda minlərlə mətbuat orqanının fəaliyyət göstərdiyini vurğulayan dövlət başçısı bildirib ki, bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər edir, cəmiyyətin inkişafında mühüm rol oynayır.

Azərbaycanda mətbuatın inkişafının diqqət mərkəzində saxlanıldığını, media nümayəndələri ilə tez-tez görüşlərini xatırladan prezident İ.Əliyev deyib ki, jurnalistlərə binaların tikintisi bu siyasətin təzahürüdür.

Prezident İlham Əliyev bu gün, iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada mənzillərin paylanması mərasimində iştirak edib.

Jurnalistlərə ilk bina 2013-cü ildə tikilib. İyulun 19-da isə prezident İ.Əliyev növbəti, üçüncü binanın tikilməsi üçün 5 milyon manat vəsait ayırıb.

Hər il iyulun 22-də Azərbaycanda Milli Mətbuat Günü qeyd edilir. 141 il əvvəl həmin gün Azərbaycanda ilk müstəqil qəzet – "Əkinçi" işıq üzü görüb.

Bir sıra müstəqil jurnalistlər dövlətdən ev almağı düzgün hesab etmirlər.

Onların fikrinə görə, ev verilməsi jurnalisti hakimiyyətdən asılı vəziyyətə salır.

Azərbaycanda hazırda 10-dan çox jurnalist, bloger həbsdədir.

Beynəlxalq təşkilatların hesabatında qeyd edilir ki, bu ölkədə həbs olunan jurnalistlər məhz peşə fəaliyyətlərinə görə həbs ediliblər.

Azərbaycan hakimiyyət təmsilçiləri belə fikirlərlə razılaşmırlar. Onlar hesab edir ki, həmin şəxslər peşələrinə görə yox, törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

XS
SM
MD
LG