Avqustun 9-da jurnalist Rasim Əliyevin anım günüdür. Jurnalistin dostları, ictimai-siyasi xadimlər, ictimaiyyət nümayəndələri bu gün Rasim Əliyevin qəbrini ziyarət ediblər.
Rasim Əliyev 2015-ci il avqustun 8-də “Qəbələ” futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülüb. Ağır bədən xəsarəti alan jurnalist Bakıda 1 saylı Şəhər Kliniki Mərkəzinə yerləşdirilib. Onun qabırğaları sınıb və sol qulağı eşitməyib. Sosial mediada yayılan məlumatlara görə, jurnalistin döyülməsinə səbəb kimi onun Cavid Hüseynovun kiprli jurnalistə qarşı hərəkətini Facebook səhifəsində tənqid etməsi göstərilib.
Rasim Əliyev avqustun 9-da səhərə yaxın kliniki mərkəzdə vəfat edib.
Anım mərasimində çıxış edənlər ölkədəki mövcud iqtidarın azad mediaya qarşı siyasətini tənqid ediblər.
“İqtidar azad media nümayəndələrinə qarşı baş verən cinayətlərə hüquqi qiymət verilməsində maraqlı deyil. Elmar Hüseynovun, Rafiq Tağının qatilləri hələ də həbs edilməyib. Rasim Əliyevin ölümündə günahkar olan futbolçu Cavid Hüseynov isə azadlığa buraxılıb. Ölkədə elə cəzasızlıq mühiti yaradılıb ki, istənilən şəxs hesab edir ki, jurnalisti döyə bilər”, - jurnalist Şahvələd Çobanoğlu qeyd edib.
Siyasətçilər İsa Qəmbər, Arif Hacılı hökumətin müstəqil mediaya qarşı siyasətinin əleyhinədir.
“Elmar Hüseynovun, Rafiq Tağının qətlində olduğu kimi, Rasim Əliyevin ölümündə də iqtidarı günahlandırıram. Bu, hakimiyyətdən fərqli danışa bilən insanların qətlidir. Biz qətlə yetirilmiş jurnalistlərin müqəddəs məzarları başına toplaşaraq hər dəfə iqtidara bu qətllərə görə məsuliyyət daşıdıqlarını xatırlatmaqla həm də deyirik ki, jurnalistlərin qətli ilə heç nəyə nail ola bilməzsiniz”, İ.Qəmbər bildirib.
Onun fikrincə, cəsarətli jurnalistləri qətlə yetirməklə həqiqəti gizlətmək mümkün deyil.
“Nə Elmarın, nə Rafiq Tağının, nə də Rasimin qətli həqiqətin söylənilməsinin qarşısını almayıb. Əksinə, həqiqətin söylənilməsi daha da artıb. Bu rejimin cinayətləri söylənilib, söylənilir və onların xalq qarşısında cavab verəcəyi gün gələcək”, İ.Qəmbər qeyd edib.