Accessibility links

Turan Agentliyinin direktorunun saxlanılmasına reaksiyalar


Mehman Əliyev
Mehman Əliyev

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin şübhəli şəxs qismində saxlanılması beynəlxlaq və yerli ictimaiyyətin tənqidi ilə qarşılanıb. Artıq dünyanın tanınmış hüquq müdafiə təşkilatıarı bəyanatlarla çıxış edib, aparıcı media qurumları jurnalistin saxlanılmasına reaksiya verib.

Sosial şəbəkələrin əsas müzakirə mövzusu da Turan İnformasiya Agentliyinin direktorunun saxlanılmasıdır. Ölkənin tanınmış ictimai-siyasi xadimləri, ictimaiyyət jurnalistin saxlanılmasını pisləyən statuslar yazıb.

Sivil Toplum Platformasının bəyanatında deyilir ki, Mehman Əliyevin şübhəli şəxs kimi saxlanılması ölkənin fəal vətəndaşlarına qarşı hüquq-mühafizə orqanlarının əli ilə həyata keçirilən növbəti qanunsuz davranışdır.

“Hökuməti “Turan” İA qarşı irəli sürülən qondarma ittihamları ləğv etməyə, ölkəmizdə və beynəlxal aləmdə əqidəli demokrat, dürüst ictimai xadim, peşəkar jurnalist kimi tanınan Mehman Əliyevin barəsində həbs qərarını dəyişdirməyə çağırırıq”, sənəddə qeyd edilir.

Milli Şuranın bəyanatında deyilir ki, bu həbs ölkənin müstəqil fəaliyyət göstərən ən uzun ömürlü agentliyinə, dünya informasiya məkanın böyük etibar qazanmış bir media qurumuna, azad sözə və fəaliyyətə qarşı yönəlmiş repressiya siyasətidir.

“Mehman Əliyev heç bir əsas olmadan saxta ittihamla həbs edilib və onun kimi peşəkar, mədəni, səviyyəli, vicdanlı, dürüst, barışçı bir insanın həbsi bütövlükdə Azərbaycan cəmiyyətinə ağır bir zərbədir. Milli Şura hakimiyyəti bu qanunsuz əməldən çəkinməyə çağırır”, sənəddə qeyd edilir.

İnid də facebook statuslarından bəzi seçmələri diqqətinizə çatdırırıq.

AXCP sədri Əli Kərimli: “Mehman bəy ölkəmizdə də, beynəlxal aləmdə də əqidəli demokrat və dürüst ictimai xadim, mətbuatın ən peşəkar nümayəndələrindən biri kimi tanınır. Mehman Əliyevi həbs etmək hökumətin böyük səhvi olar. Hakimiyyəti bu səhvi etməməyə çağırıram”.

Vəkil Elçin Sadıqov: “Mehman Əliyev yaxşıdır, hər kəsə salamı var. O CM-nin 213.1. və 308.2-ci maddəsi ilə şübhəedilən şəxs qismində tutulub. Bu onu göstərir ki, iş Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə veriləcək. Təəssüf, şər öz işindədir”.

Hüquqşünas Aslan İsmayılov: “Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin həbs xəbəri düz olarsa demək hakimiyyət nəinki öz rəqiblərinə - müxalifətçilərə, azad fikirli, müstəqil insanlara da düşmən mövqeyindədir. Bu həbs düz olarsa özüm də daxil olmaqla minlərlə azad fikirli, müstəqil insanlar da hakimiyyətə artıq düşmən kimi baxacaq”.

Gülnarə Rüstəmli: “Ölkənin ictimai-siyasi həyatının ən vicdanlı vətəndaşı - Mehman Əliyevi də tutdular” ...

Jurnalist Ramin Deko: “Dürist, səmimi, optimist Mehman Әliyev də həbs olundu. Ev verdilər götürmədi, təkid etdilər, yenə alınmadı, indi bir otaqlı hücrə ayırıblar ona. Sağ olsunlar, təəccübləndirə bilirlər. Mehman müəllimi qolu qandallı da gördük”.

REAL Hərəkatının icra katibi Natiq Cəfərli: “Cəmiyyət yazıya, informasiyaya, korrupsiya arışdırmalarına reaksiya vermirsə, "bacarana can qurban", deyib məmurlara, hakimi-mütləqlərə haqq qazandırırsa, yazı-pozudan, Turan agentliyinin yumşaq və pozitiv analitikasından, Mehman müəllimin optimistliyindən hökumət niyə narahat olsun ki?! Deyəsən bu məmləkətdə məntiq axtara-axtara qocalıb öləcəyik”...

Keçmiş diplomat Arif Məmmədov: “Mehman Əliyevin həbs olunması xəbəri üzücüdür. Ölkəmizin təkamül yolu ilə inkişafına hər zaman inanan bir insanın, media kapitanının tezliklə azadlıqda olacağına inanıram”.

Tarixçi alim Altay Göyüşov: “Mehman müəllimin həbsi müasir Azərbaycan tarixi üçün ən böyük ləkələrdəndir. Miqyasına görə inanın ki, Hüseyn Cavidin həbsi kimi bir addımdır”.

Xatırladaq ki, rəsmi orqanlar və şəxslər hələ Mehman Əliyevin saxlanılmasına münasibət bildirməyib.

XS
SM
MD
LG