Accessibility links

Almaniya ombudsmanı Mehman Əliyevin həbsini pisləyib


Mehman Əliyev

Almaniyanın insan hüquqları üzrə federal komissarı Berbel Kofler avqustun 29-da Azərbaycanda Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə bağlı bəyanat yayıb.

“Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi haqqında xəbərdən narahat oldum,” Kofler bildirib.

Mən Azərbaycan hökumətini fikri ifadə azadlığı, mətbuat azadlığı və qanunun aliliyi sahəsində götürdüyü öhdəliklərinə riayət etməyə çağırıram.

Əliyevə qarşı cinayət təqibi nəticəsində vergilərdən yayınma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları irəli sürülüb. Turan-ın bank hesablarının bağlanması ilə əlaqədar agentlik sentyabrın 1-dən fəaliyyətini dayandırmaq məcburiyyətindədir.

“Azərbaycanda mətbuat azadlığı sahəsində vəziyyət əvvəlkindən daha çox narahatlıq doğurur. Mən Azərbaycan hökumətini fikri ifadə azadlığı, mətbuat azadlığı və qanunun aliliyi sahəsində götürdüyü öhdəliklərinə riayət etməyə çağırıram.

Mehman Əliyevin məsələsini və Azərbaycanda mətbuat azadlığı sahəsində vəziyyəti diqqətlə izləməyə davam edəcəyəm,” Kofler bildirib.

Turan uzun illərdir Azərbaycanda yeganə müstəqil informasiya agentliyi olaraq qalırdı. Ölkə “Sərhədsiz Reportyorlar”ın 2017-ci il üzrə Dünya Mətbuat Azadlığı İndeksində 162-ci yeri tutub.

Vergilərdən yayınma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları Azərbaycanda müstəqil jurnalistlərə qarşı hakimiyyət tərəfindən işlədilən əsas ittihamlar sırasındadır. Bu növ ittihamlarla onlarla jurnalist ötən bir neçə ildə azadlıqdan məhrum edilib. Beynəlxalq təşkilatlar bu ittihamları qondarma hesab edir və onların Azərbaycanda mətbuat azadlığını boğmaya yönəldiyini deyir.

XS
SM
MD
LG