Accessibility links

Apellyasiya Məhkəməsi Mehman Əliyevi həbsdə saxlayıb [Video]


Məhkəmə iclası qapalı keçirilib

Avqustun 30-da Bakı Apellyasiya Məhkəməsi Yasamal rayon Məhkəməsinin Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barəsində seçdiyi həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayətini təmin etməyib. Məhkəmə qapalı keçirilib və Mehman Əliyevi həbsdə saxlayıb.

Fariz Namazlı
Fariz Namazlı

Vəkili Fariz Namazlı Amerikanın Səsinə bildirib ki, məhkəmənin qərarından Avropa Məhkəməsinə şikayət ediləcək. Onun fikrincə, istintaq orqanı məhkəməyə Mehman Əliyevin həbsinə əsas yaradacaq hər hansı sübut təqdim edə bilməyib.

“Müdafiə tərəfi ittihamların saxta olduğunu məhkəmədə sübut etdi. Biz sübut etdik ki, Mehman Əliyev barəsində verilən ittihamlar tamamilə qanunsuzdur və bunun üçün şübhələr belə mövcud deyil. İstintaq orqanı məhkəməyə hər hansı bir sübut təqdim etməyib. Eyni zamanda, Əliyevə qarşı olan ittihamlar iqtisadi xarakterlidir və son dövrlər praktikamda iqtisadi cinayətə görə kimlərinsə istintaq dövründə həbs olunmasına rast gəlməmişəm. Əliyevin həbsi göstərir ki, ittihamlar tamamilə sifarişlidir və o sifariş əsasında həbs olunub”.

Apellyasiya Məhkəməsinin qarşısı
Apellyasiya Məhkəməsinin qarşısı

Vəkil bildirib ki, Mehman Əliyevin daimi yaşadığı yer var, şahid qismində dəfələrlə istintaqda ifadə verib.

“O, istintaqın çağırışına daimi əməl edib. Mehman Əliyev istintaqa ifadə verdikdən sonra şübhəli şəxs qismində həbs olunub. Onun istintaqdan qaçıb gizlənməsi üçün hər hansı ehtimallar belə mövcud deyil. İstintaq iddia edir ki, Mehman Əliyev azadlığa buraxılarsa qaçıb gizlənəcək, şahidlərə təsir edəcək. Rəhbəri olduğu agentliyin işçiləri arasında böyük sevgiyə malikdir. Bununla da o, şahidlərə təzyiq edə bilər”, vəkil qeyd edib.

Apellyasiya Məhkəməsinin qarşısı
Apellyasiya Məhkəməsinin qarşısı

Fariz Namazlının sözlərinə görə, Mehman Əliyev də məhkəmədə həbsinin sifarişli olduğunu deyib.

“Mehman Əliyev məhkəmədə çıxışında da həbsinin sifarişli olduğunu, hüquqi-siyasi əsaslar olmadığını bildirdi. O dedi ki, həbsi üçün qanuni əsaslar mövcud deyil”, vəkil Əliyevə istinadən deyib.

Bu gün keçirilən Apellyasiya Məhkəməsinin qərarına və Mehman Əliyevin həbsinə etiraz onlaraq onlarla insan, o cümlədən ictimai-siyasi xadimlər, hüquq müdafiəçiləri məhkəmənin qarşısına toplaşıb.

Əli Kərimli
Əli Kərimli

AXCP sədri Əli Kərimli Azərbaycan hakimiyyətinin insanları həbs etməklə ölkədə fikir azadlığını boğa bilməyəcəyini deyib. Onun sözlərinə görə, ölkədə yüzdən çox siyasi məhbus olmasına baxmayaraq insanlar azadlıqlar uğrunda mübarizədən geri çəkilmir.

“Mehman Əliyevin həbsi ilə Azərbaycanda azad KİV-lərin qapadılması prosesi başa çatdı. Artıq bu ölkədə müstəqil televiziya, müstəqil qəzet və müstəqil informasiya vasitələri qalmadı. Axırıncı müstəqil informasiya agentliyi olan Turan da artıq fəaliyyətini dayandırır. Hökumət bu anti-hökumət, anti-xalq qərarı qəbul etməklə, Mehman Əliyevi həbs etməklə nəyə nail olur? Cəmiyətdə qorxumu yaradır? Azərbaycan cəmiyyəti yüzlərlə siyasi məhbus görmüş cəmiyyətdir. Məhbuslara dəhşətli işgəncələrin verilməsinə şahidlik etmiş cəmiyyətdir. Azərbaycan cəmiyyəti ölkənin tanınmış xanım siyasətçilərinin həbsinə şahidlik etmiş cəmiyyətdir. Bu cəmiyyəti daha bir həbs niyə qorxutsun! Buna nail ola bilməyəcəklər. Turanın qapadılması ilə informasiya axınının da qarşısını ala biləcəklər? Artıq informasiya axını sosial şəbəkələr vasitəsi ilə yayılır. Əvəzində çoxsaylı neqativlərə nail olacaqlar. Beynəlxalq birlik əvvəllər Azərbaycanda repressiyalara ümumi narahatçılıq bəyanatları verirdisə, indi ABŞ Dövlət Departamentinin, Fransa, Böyük Britaniya xarici işlər nazirliklərinin, Avropa Birliyinin bəyanatlarında birbaşa Mehman Əliyevin azadlığı tələb edilir”, AXCP lideri deyib.

Onun fikrincə, ölkə daxilində artıq hamı başa düşür ki, qorunmağın, balanslı, ehtiyatlı olmağın bir faydası yoxdur.

“Sadəcə müstəqilsənsə, peşəkarsansa, hökumətin qılıncının altından keçməmisənsə, onların təlimatı ilə işləmirsənsə artıq sənin üçün təhlükə var”, Kərimli qeyd edib.

İlqar İbrahimoğlu
İlqar İbrahimoğlu

Dini icma rəhbəri İlqar İbrahimoğlu Mehman Əliyevin həbsini fikir azadlığına zərbə kimi qiymətləndirir.

“Mehman Əliyev şəxsiyyəti ictimai rəydə hamı üçün aydındır. Adekvatlıq və normal düşüncə yaxın günlərdə Mehman Əliyevi azadlıqda görməyi labüd edir. Ümid edirəm ki, bu baş verəcək”, o qeyd edib.

Arzu Abdullayeva
Arzu Abdullayeva

Helsinki Vətəndaş Assambleyasının həmsədri Arzu Abdullayeva jurnalisti həbs edənlərin fikir azadlığını boğmağa çalışan vəzifəli şəxslərin olduğunu deyib.

“Mehman Əliyevin həbsi şübhəsiz sifarişlidir. Bunun həm siyasi vektoru var, həm də bir qisas var”, o qeyd edib.

Mehman Əliyev avqustun 24-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə və qanunsuz sahibkarlıq maddələri ilə ittiham irəli sürülüb. Agentliyin bank hesabları dondurulub.

Yasamal rayon Məhkəməsi Əliyev barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib.

Mehman Əliyev ittihamları rədd edib və azad medianın susdurulması kimi qiymətləndirib.

Beynəlxalq ictimaiyyət də jurnalistin həbsini pisləyən bəyanatalarla çıxış edib. ABŞ Dövlət Departamenti, Fransa, Böyük Britaniya, Norveç xarici işlər nazirlikləri, çoxsaylı beynəlxalq təşkilatlar Azərbaycan hökumətini Mehman Əliyevin dərhal azadlığa buraxılmasına çağırıb.

XS
SM
MD
LG