Accessibility links

Mehman Əliyevin işi üzrə Avropa Məhkəməsinə şikayət veriləcək


Mehman Əliyev
Mehman Əliyev

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev sentyabrın 11-də azadlığa buraxılandan az sonra Bakı Apellyasiya Məhkəməsində onun tutulmasının qanunsuz sayılması barədə şikayətə baxılıb.

Belə ki, avqustun 24-də Mehman Əliyevin şübhəli şəxs qismində tutulması haqqında müstəntiq qərar qəbul edib.

Mehman Əliyevin vəkilləri bu qərarı Yasamal Rayon Məhkəməsində mübahisələndirib. Müdafiə tərəfi qərarın qanunsuz sayılmasını istəsə də, məhkəmə şikayəti təmin etməyib. Apellyasiya şikayəti də həmin məhkəmə qərarından verilib.

Sentyabrın 11-də apellyasiya şikayəti üzrə qapalı keçirilən məhkəmə prosesi haqda AzadlıqRadiosu-na Mehman Əliyevin vəkili Fariz Namazlı məlumat verib.

Məhkəmədə müstəntiq Vüsal İbadov tutma qərarının qanuni və əsaslı olduğunu deyib.

Vəkil Fariz Namazlı isə bildirib ki, əksinə, Mehman Əliyevin tutulması üçün heç bir əsas olmayıb.

“O, tutulmamışdan əvvəl vergi orqanının çağırışlarına heç bir problem yaratmadan gəlib. Daimi yaşadığı ünvan, iş yeri bəllidir. Kifayət qədər ictimai nüfuzu olan adamdır. Onun istintaqdan yayınacağını düşünmək üçün heç bir əsas yoxdur. İstintaq orqaninin Mehman Əliyevin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün məhkəməyə müraciət etməsi, onun həbsdən buraxılması da şübhəli şəxs qismində tutma qərarının qanunsuzluğunu göstərir”.

Hakim İlqar Murquzovun sədrlik etdiyi hakimlər kollegiyası apellyasiya şikayətini təmin etməyib.

F.Namazlı bildirib ki, Mehman Əliyevin şübhəli şəxs qismində tutulmasından Avropa Məhkəməsinə şikayət göndərəcəklər.

“Bu cür məsələlərdə apellyasiya məhkəməsi son instansiya hesab olunur”, vəkil qeyd edib.

Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona qarşı Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək onları siyası motivli adlandırıb.

Vergilər Nazirliyi avqustun 8-də “Turan” agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Avqustun 17-də artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

Turan İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən vaxtadək dayandırmaq məcburiyyətindədirlər.

Avqustun 28-də Turan İnformasiya Agentliyinin (İA) əməkdaşları Vergilər Nazirliyinin Vergi Cinayətləri İdarəsinə çağırılıblar.

Beynəlxalq təşkilatlar Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına çağırıb.

ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsinə çağırıb. Az sonra Senator Riçard Durbin Mehman Əliyevin həbsində iştirak etmiş Azərbaycan rəsmilərinə qarşı viza sanksiyaları barədə təkliflə çıxış edib.

Sentyabrın 11-i prezidentin köməkçisi Əli Həsənov da bildirmişdi ki, prezident İ.Əliyev “Turan” İnformasiya Agentliyinin direktoru barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması məsələsinə baxılmasından ötrü aidiyyəti orqanlara tapşırıq verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG