Accessibility links

Anar Orucov: Əziz Orucovun həbsi media fəaliyyəti ilə bağlıdır [Video]


"Kanal 13" internet televiziyasının təsisçisi Amerikanın Səsinə müsahibəsində Bakı bürosunun rəhbərinin həbsindən danışıb

"Kanal 13" internet televiziyasının təsisçisi Anar Orucov Amerikanın Səsinə müsahibəsində televiziyanın Bakı bürosunun rəhbəri, qardaşı Əziz Orucovun həbsinin səbəblərindən və ölkədə söz azadlığının durumundan danışıb.

“Kanal 13” internet televiziyası 2010-cu ildən fəaliyyət göstərir. Televiziyanın təsisçisi Anar Orucov artıq bir neçə ildir Almaniyada yaşayır.

Amerikanın Səsi: Qardaşınız Əziz Orucovun həbsinin səbəbləri nədir?

Anar Orucov: Əziz Orucovun həbsinin səbəbləri şübhəsiz onun media fəaliyyəti ilə bağlıdır. Çünki mən 2014-cü ildə Azərbaycanı tərk edəndən sonra Əziz Orucov Kanal13 TV-nin Bakı ofisinə rəhbərlik edib. Kanal13 TV Azərbaycanda azad mətbuat sahəsində çox ciddi rol oynayırdı. Sadəcə onu deyim ki, 2017- ci ilin ilk 4 ayı ərzində (Əzizin həbs olunmasına qədər dövr ərzində) Kanal13 TV Youtube üzərindən 20 milyon dəfə izlənmişdi,- bizim video materiallar. Və bu nöqteyi nəzərdən Əziz Orucovun həbsi hazırki Azərbaycanda media durumunun bərbad vəziyyətini göstərir.

Amerikanın Səsi: Onun azadlığa çıxması üçün hansı tədbirlər görülür? Beynəlxalq təşkilatlar, ictimaiyyətin köməyi nə dərəcədə yetərlidir?

Anar Orucov: Əziz Orucovun azadlığa çıxması üçün biz bir sıra fəaliyyət həyata keçiririk. Məsələn, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennakla mütəmadi danışıqlarımız gedir, beynəlxalq təşkilatlar, Amnesty İnternational və digər təşkilatlar Azərbaycana mesajlar verirlər. Və düşünürəm ki, beynəlxalq ictimaiyyətin atdığı addımlar, Azərbaycan hökuməti ilə olan danışıqları, azad mətbuata verdikləri müsbət qiymətlə yekunlaşacaq.

Amerikanın Səsi: Azərbaycan ictimaiyyətinə bir sözünüz varmı?

Anar Orucov: Əslində Azərbaycan ictimaiyyətindən gözləntilərimiz həddən artıq çoxdur. Azad mətbuat olaraq bir faktı deyim ki, bizim videolarımızın üzərində whatsup nömrələri var. Bəlkə də onlarla, yüzlərlə mesajlar alırıq insanlardan. Azərbaycan ictimiayyətinin adekvat olaraq dəstək verməsini gözləyirik, halbuki bu dəstək hal-hazırda azdır. Biz Əziz Orucovun azadlığa çıxması üçün ictimai dəstəyi yetərincə hesab etmirik. Azad mətbuat olaraq Kanal 13 TV mənim, Əziz Orucovun, orada çalışanların deyil, cəmiyyətin kanalı idi. Təbii olaraq, ona çox dəstək olunmasını gözləyirəm və istəyirəm.

Amerikanın Səsi: Azərbaycanda insan haqlarının vəziyyətinin dəyişdirilməsi üçün, sizin fikrinizcə, nələr edilməldir?

Anar Orucov: Bu sual Azərbaycan hakimiyyətini daha çox narahat etməlidir. Halbuki bu, belə görünmür. Azərbaycanda jurnalistlərin həbs olunması, birini buraxsalar da digərinin yenidən həbs olunması və s. Azərbaycanın imici artıq çox bərbad durumdadır. Bunu hökumət nümayəndələrinin özləri də bilirlər. Azərbaycan bu sahədə vacib işlər görməldir. Əgər görmürsə və bunu nəzərə almırsa, onda məcburuq ki, Azərbaycan jurnalistləri və ictimiayyət nümayəndələri, QHT olaraq biz həyata keçirək. Biz də əlimizdən gəldiyi qədər beynəlxalq qurumlarla işləyirik. İnsan hüquqları nizamnaməsi çərçivəsində, insan haqları qaydalarının qorunması çərçivəsində, media azadlıqları çərçivəsində Azərbaycanda nəyəsə nail olunması üçün müəyyən fəaliyyətlər həyata keçiririk, həm də bu sahədə işlərimizi davam etdirəcəyik.

* “Kanal 13" internet telerviziyasının Bakı bürosunun rəhbəri Əziz Orucova mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilib.

Ə.Orucovun inzibati cəzası başa çatan gün - iyunun 1-də ona cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Orucov ittihamları qəbul etmir, sifariş hesab edir.

Əziz Orucov barəsində olan cinayət işi arıq yekunlaşdırılaraq məhkəməyə göndərilib. Yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG