Sentyabrın 27-də 1 saylı Bakı İnzibati- İqtisad Məhkəməsində Turan agentliyinin Vergilər Nazirliyinin Lokal Gəlirlər Departamentinə qarşı iddiası üzrə hazırlıq iclası keçirilib.
Agentlik 2014-2016-cı illərdə əlavə vergi sanksiyalarının hesablanması və növbədənkənar səyyar yoxlama barədə 7 avqust tarixli qərarın qanunsuz olmasının tanınmasını istəyir. Məhz bu qərarın əsasında agentliyə qarşı vergi ödəməmək ittihamı ilə cinayət işi başlanmışdı.
Hakim Müseyib Bayramov bu iddianın Turan agentliyinin digər iddiası ilə bir icraatda birləşdirilməsini təklif edib. Həmin iddiada agentlikdə 2010-2016-cı illər üçün vergi yoxlamasının aparılması barədə 16 avqust tarixli qərarın qanunsuz olduğunun tanınması xahiş edilib.
Tərəflər buna razı olublar. İddiaya baxılması oktyabrın 11-nə təyin edilib. Belə ki, ikinci iddia üzrə yığıncaq həmin vaxt olmalı idi.
Turan agentliyinin direktoru Mehman Əliyev KİV-in və ictimaiyyətin prosesə artan marağını nəzərə alaraq təklif edib ki, məhkəmə yığıncağı daha geniş zalda keçirilsin.
Hakim deyib ki, bu məsələyə də oktyabrın 11-də baxılacaq.
* Lokal Gəlirlər Departamenti hələ may ayında 2016-cı ilə görə Turan agentliyinə 4 min manat sanksiya təyin etmişdi. Ancaq Turan-ın inzibati şikayətindən sonra Vergilər Nazirliyinin yuxarı instansiyası iyunun sonlarında bu qərarı ləğv edib. Sonradan avqustun 7-də həmin departament 2016-cı il üçün 9 min manat, 2014-2016-cı illər üçün isə 37 min manat vergi təyin edib və agentliyə qarşı cinayət işi başlayıb.
Avqustun 25-də agentliyin direktoru Mehman Əliyev həbs edilib. Ancaq sentyabrın 11-də heç yana çıxmamaq haqda iltizamla azadlığa buraxılıb.