Accessibility links

Turan-a və Mehman Əliyevə qarşı cinayət işinə xitam verilib [Video-Müsahibə]


Turan Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə müsahibə verib

Turan İnformasiya Agentliyinə və agentliyin direktoru Mehman Əliyevə qarşı cinayət işinə xitam verilib. Bu barədə Mehman Əliyev Amerikanın Səsinə müsahibəsində bildirib.

Noyabrın 2-də cinayət işinə xitam verilməsi ilə bağlı Baş Prokurorluq Mehman Əliyevə rəsmi məlumat verib.

Mehman Əliyev Turan-ın fəaliyyətinin tam bərpa ediləcəyini bildirib.

"Sentyabrın 1-dən Turanın işçiləri öz hesablarına məzuniyyətə göndərilib. Onlar könüllü kimi işləyirlər. İndi Vergilər Nazirliyi agentliyə qarşı 37 min manat məbləğində vergi sanksiyasını ləğv etməlidir. Çünki agentlik vergidən yayınmayıb. Sanksiya ləğv edildikdəın sonra normal fəaliyyətə qayıdacağıq", o qeyd edib.

Mehman Əliyev
Mehman Əliyev

Avqustun 8-də Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti faktla bağlı agentlikdə səyyar yoxlamaya başlayıb.

Bununla parallel olaraq agentliyə qarşı cinayət işi açılıb.

Elə həmin departament avqustun 16-da 2014-2017-ci illər üçün yoxlamanı ləğv edib və 2010-cu il oktyabrın 1-dən 2017-ci il avqustun 1-nə qədər olan dövr üçün yoxlama təyin edib.

Agentlik Vergilər Nazirliyinin bu qərarlarından məhkəməyə şikayət verib.

Avqustun 24-də Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti Mehman Əliyevə qarşı Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2-ci (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürüb. Məhkəmənin qərarı ilə o, 2,5 ay müddətinə həbs edilib. Amma iki həftədən sonra, sentyabrın 11-də həbs qətimkan tədbiri dəyişdirilib.

Elə həmin gün Vergilər Nazirliyi agentliyin 37 000 manat borcu haqqında qərarı ləğv edib, bank hesabları üzərindən həbs qaldırılıb. Amma sentyabrın 15-də borc qərarı yenidən bərpa edilib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG