Accessibility links

Əfqan Muxtarlının apellyasiya şikayətinə baxılacaq


Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Jurnalist Əfqan Muxtarlının şikayətinə baxılacaq. Jurnalistin apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsində icraata götürülüb.

Bu haqda jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil deyib ki, Ə.Muxtarlının 6 il həbs cəzası alması ilə bağlı Balakən Rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verilib. Şikayət Şəki Apellyasiya Məhkəməsinin hakimi Rafael Əliyevin icraatına verilib.

Şikayət üzrə ilkin baxış iclası fevralın 20-də olacaq.

Şikayətdə apellyasiya baxışının qismən məhkəmə istintaqı ilə aparılması və Ə.Muxtarlıya bəraət verilməsi istənilib.

Jurnalist Ə.Muxtarlı 2017- ci il mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunub.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edib ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil.

Bu ilin yanvarında o, məhkəmənin qəararı ilə 6 il həbs cəzası alıb.

Ə.Muxtarlı ittihamları rədd edərək, həbsini "siyasi sifariş" adlandırıb.

XS
SM
MD
LG