Accessibility links

Ukrayna prokurorluğu Fikrət Hüseynlinin daha iki ay Kiyevdə qalmasını istəyir


Fikrət Hüseynli

Ukrayna Prokurorluğiu jurnalist Fikrət Hüseynlinin Kiyevdə qalma vaxtının daha iki ay uzadılması üçün Peçorsk rayon Məhkəməsinə müraciət edib. Prokuroluq iddia edir ki, Hüseynlinin sənədlərinin yoxlanılması üçün əlavə vaxta ehtiyac var.

Bu barədə hazırda Peçorsk rayon Məhkəməsində olan Fikrət Hüseynlinin özü Amerikanın Səsinə bildirib.

Onun sözlərin görə, məhkəmə martın 19-na təyin edilmişdi.

“Amma, nədənsə əvvəlcə məhkəməni bu gün saat 15-ə təyin etdilər. Sonra dedilər ki, saat 20-də olacaq. Hazırda saat 21-dir məhkəmə başlamayıb. Mən, vəkilim və Niderlandın Kiyevdəki konsulu məhkəmənin nə vaxt başlayacağını gözləyirik”, jurnalist bildirib.

Hüseynli hesab edir ki, Ukrayna prokurorluğu əlavə iki ay vaxt istəməklə zamanı uzatmaq istəyir.

“Hesab edirəm ki, prokurorliğun məni Azərbaycana ekstradisiya cəhdi baş tutmadığından vaxtı uzatmaqla istəyinə nail olmağa çalışır. Hazırda mən vəkilimlə beynəlxalq təşkilatlarla Ukrayna prokurorluğunun etdiyi qanun pozuntuları və dəyən ziyanın kompensasiya edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək üçün məsləhətləşmələr aparırıq”, o qeyd edib.

F.Hüseynli 2017-ci il oktyabrın 14-də Kiyevdən Düsseldorfa uçarkən Azərbaycanın sorğusu əsasında İnterpol xəttilə saxlanılıb. Azərbaycanda o, dələduzluq və sərhədi qanunsuz keçməkdə ittiham olunur.

Oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi onun Azərbaycana ekstradisiyası məsələsinə baxmaq üçün 18 gün müddətinə həbs edib.

Oktyabrın 27-də Kiyevin Lukyanovski Məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai xadim Boris Zaxarovun zaminliyi ilə F.Hüseynlini azad edib. Eyni zamanda məhkəmə dövlət ittihamçısının F.Hüseynlinin Azərbaycana ekstradisiyası haqqında vəsatətini təmin etməyib.

Kiyev prokurorluğu F.Hüseynlinin azad edilməsindən apellyasiya şikayəti verib və onun həbs edilməsini tələb edib.

Protest üzrə məhkəmə yanvarın 17-də başlayıb, ancaq 4 dəfə təxirə salınıb. Nəhayət, fevralın 13-də məhkəmə ekstradisiyadan imtina edib.

Bununla yanaşı, 2018-ci il yanvarın 12-də Azərbaycanın baş prokuroru Zakir Qaralov Ukrayna baş prokuroru Yuri Lutsenkoya jurnalist Fikrət Hüseynlinin ekstradisiyasının ləngidilməsindən narahatlığını bildirən məktub göndərib.

Məktuba qoşmada Fikrət Hüseynli və Saakaşvilinin birgə ağ-qara şəkli əlavə edilib.

Martın 5-də axşam saatlarında Kiyev şəhərində jurnalist Fikrət Hüseynlinin yaşadığı evə basqın olub. Lakin jurnalist qaça bilib.

Jurnalistin Kiyevdə qalma müddəti martın 19-da başa çatır. Məhkəmə qəraraı olmasa Ukrayna hökuməti Hüseynlini vətəndaşı olduğu Niderlanda yola salmalıdır.

Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən Ukrayna hüquq müdafiə təşkilatları Fikrət Hüseynliyə qarşı təqiblərin dayandırılması və dərhal vətəndaşı olduğu Niderklanda yola salınması xahişi ilə Ukrayna hökumətinə müraciət edib.

XS
SM
MD
LG