Accessibility links

Beynəlxalq təşkilatlar Fikrət Hüseynlinin müdafiəsi ilə bağlı brifinq keçirib


Fikrət Hüseynli
Fikrət Hüseynli

Martın 28-də Kiyevdə ukraynalı hüquq müdafiəçiləri, Freedom House və Sərhədsiz Reportyorlar Təşkilatı jurnalist Fikrət Hüseynli ilə bağlı birgə brifinq keçirib.

Brifinqdə Fikrət Hüseynlinin vəkili Dmitri Mozurok bildirib ki, jurnalistin ekstradisiyasını qanun qadağan edir.

Ukrayna İnsan Haqları Mərkəzindən Tatyana Peçonçuk Azərbaycandakı insan haqları ilə bağlı vəziyyətdən danışıb və deyib ki, bu ekstradisiya jurnalistin həyatına təhlükə yaradır. O, Ukrayna hüquq müdafiəçilərinin jurnalistin Hollandiyaya dönməsinə şərait yaradılması Ukrayna dövlətinə müraciət etdiklərini deyib.

Sərhədsiz Reportyorların koordinatoru Maksim Butkeviç bildirib ki, ukraynalı jurnalistlər bu ekstradisiyaya qarşıdır. Butkeviç beynəlxalq qurumların Hüseynlini müdafiə etdiyini, onun məruz qaldığı ittihamların siyasi və jurnalist fəaliyyətindən qaynaqlandığını vurğulayıb.

Freedom House təşkilatının nümayəndəsi Metyu Şaaf Fikrət Hüseynlinin pozulmuş hüquqlarından danışıb və beynəlxalq hüquq müdafiə təşkilatlarının onu sonadək müdafiə edəcəyini bildirib.

Fikrət Hüseynli Ukrayna parlamentinin deputatı Mustafa Cəmilovun onunla bağlı Ukrayna baş prokuroruna yazdığı məktubu göstərərək bildirib ki, azərbaycanlı siyasi mühacirlər daim Ukraynanı müdafiə edib və bu səbəbdən o da Ukraynadan ədalətli mövqe gözləyir.

Tədbirdə Turan TV-dən Emin Əhmədbəyov və hüquq müdafiəçisi Leyla Yunus skype vasitəsilə çıxış edərək Azərbaycandakı vəziyyətdən söhbət edib və Ukrayna hakimiyyətini ədalətin, demokratiyanın yanında olmağa çağırıb.

F.Hüseynli 2017-ci il oktyabrın 14-də Kiyevdən Düsseldorfa uçarkən Azərbaycanın İnerpol xətti ilə sorğusu əsasında saxlanılıb. Azərbaycanda o, dələduzluq və sərhədi qanunsuz keçməkdə ittiham olunur.

Oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi onun Azərbaycana ekstradisiyası məsələsinə baxmaq üçün 18 gün müddətinə həbs edib.

Oktyabrın 27-də Kiyevin Lukyanovski Məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai xadim Boris Zaxarovun zaminliyi ilə F.Hüseynlini azad edib. Eyni zamanda məhkəmə dövlət ittihamçısının F.Hüseynlinin Azərbaycana ekstradisiyası haqqında vəsatətini təmin etməyib.

Kiyev Vilayət Prokurorluğu F.Hüseynlinin azad edilməsindən apellyasiya şikayəti verib və onun həbs edilməsini tələb edib.

Protest üzrə məhkəmə yanvarın 17-də başlayıb, ancaq 4 dəfə təxirə salınıb. Nəhayət, fevralın 13-də məhkəmə ekstradisiyadan imtina edib. Martın 17-də Kiyevin Piçerski rayon Məhkəməsi Fikrət Hüseynlinin aprelin 2-dək Kiyevdə qalması barədə qərar qəbul edib. prokurorluğa aprelin 2-dək vaxt verib.

Bununla yanaşı, 2018-ci il yanvarın 12-də Azərbaycanın baş prokuroru Zakir Qaralov Ukrayna baş prokuroru Yuri Lutsenkoya jurnalist Fikrət Hüseynlinin ekstradisiyasının ləngidilməsindən narahatlığını bildirən məktub göndərib.

Məktuba qoşmada Fikrət Hüseynli və Saakaşvilinin birgə ağ-qara şəkli əlavə edilib.

Martın 5-də axşam saatlarında Kiyev şəhərində jurnalist Fikrət Hüseynlinin yaşadığı evə basqın olub. Lakin jurnalist qaça bilib.

Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən Ukrayna hüquq müdafiə təşkilatları Fikrət Hüseynliyə qarşı təqiblərin dayandırılması və dərhal vətəndaşı olduğu Niderlanda yola salınması xahişi ilə Ukrayna hökumətinə müraciət edib.

Fikrət Hüseynli yaxın zamanda Kiyev Vilayət Prokurorluğnunda ona qarşı olan qanunsuzluqlar, qanunsuz saxlanılması müddətində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə mürtaciət edəcəyini bildirib. Hazırda jurnalist və vəkili beynəlxalq hüquq müdafiə təşkilatları ilə məsləhətəşmələr aparır.

XS
SM
MD
LG