Accessibility links

Əfqan Sadıqov azadlığa buraxılıb [Jurnalistlə müsahibə]


Əfqan Sadıqov
Əfqan Sadıqov

Azel.tv saytının redaktoru 1 il yarım həbsdə olub

Jurnalist Əfqan Sadıqov bir il yarım həbsdən sonra mayın 23-də azadlığa buraxılıb.

Əfqan Sadıqovun Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:02:43 0:00

Əfqan Sadıqov Amerikanın Səsinə müsahibəsində bildirib ki, ittihamı qəbul etmir.

“Mənim həbsimin sifarişini icra hakimiyyəti başçısı deyil, daha yüksək instansiyadan vermişdilər. Hüquqi müstəvidə mübarizəmi davam etdirəcəm”, o qeyd edib.

Azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı il noyabrın 22-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin (CM) 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb. O, icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə ittiham edilib. Ancaq redaktor ittihamı qəbul etmir, işi qurama sayıb.

2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsi Əfqan Sadıqovu 2 il yarım azadlıqdan məhrum edib.

2017-ci ilin noyabrında Ali Məhkəmə Əfqan Sadıqovun cəza müddətini 2 il yarımdan 1 il yarımadək azaldıb.

2017-ci ilin dekabrında Cəlilabad rayonunun keçmiş, Bakının Yasamal rayonunun indiki icra hakimiyyəti başçısı Əziz Əzizov diffamasiya iddiası qaldıraraq jurnalisti ona qarşı böhtan yaymaqda ittiham edib. Lakin sonradan Əziz Əzizov Sadıqova qarşı xüsusi ittiham qaydasında şikayətini geri götürüb.

Yerli hüquq müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı hazırladığı siyahıda Sadıqovun adı da yer alır.

Jurnalist Amerikanın Səsinə müsahibəsində azadlığa qovuşmasını belə ifadə edib.

“Həbsxanada olsam da ruhum onsuz da azad idi. Mən cəza çəkmədim, əksinə cəzalandırdım. Azadlığı ona görə istəyirdim ki, həbsxanada olan haqsızlıqları, işgəncələri ictimai diqqətə çatdırım. Bu barədə məqalələr yazacam”, o qeyd edib.

Sadıqov azel.tv saytını bərpa edəcəyini və baş verən haqsızlıqlarla bağlı məlumatlar yazacağını bildirib.

“Məni bu yoldan heç bir təzyiq, hədələmə döndərə bilməz”, o qeyd edib.

XS
SM
MD
LG