Accessibility links

Apellyasiya Məhkəməsi Bastainfo.com saytının şikayətini təmin etməyib


bastainfo.com saytı

Bu ilin iyulunda sayta giriş bloklanıb

Oktyabrın 31-də Bakı Apellyasiya Məhkəməsi hakim Ülvi Mayılovun sədrliyi ilə Bastainfo.com saytının bloklanması ilə bağlı şikayəti təmin etməyib. İlkin məhkəmə qərarı qüvvədə saxlanılıb.

Bu barədə Amerikanın Səsinə Bastainfo.com saytının rəhbəri Mustafa Hacıbəyli bildirib.

O Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcəyini bildirib.

“Bu işi Avropa İnsan Hüquqları Məhkəməsinədək apacağıq”, o qeyd edib.

Bu il iyulun 7-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, 2018-ci il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı törətdiyi terror aktı ilə əlaqədar bəzi KİV-lərin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayılıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq “bastainfo.com” və digər bir neçə internet saytlarının internet informasiya ehtiyatına müraciətlərin məhdudlaşdırılması və digər məhdudiyyətlərin tətbiqi sahəsində müvafiq tədbirlərin görülməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.

Sentyabrda Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciəti əsasında hakim Elçin Məmmədovun sədrliyi ilə bastainfo.com saytının bloklanması barədə qərar çıxarıb.

Bastainfo.com saytının rəhbəri Mustafa Hacılı və saytın əməkdaşları dəfələrlə prokurluqda dindirilib.

XS
SM
MD
LG