Accessibility links

Həbsdə olan jurnalist ailəsi ilə Skype vasitəsilə danışmaq istəyir


Əfqan Muxtarlı və Leyla Mustafayeva
Əfqan Muxtarlı və Leyla Mustafayeva

Bakıdakı 16 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlının ədliyyə naziri Fikrət Məmmədova ünvanladığı məktubları göndərməkdən imtina edir. Bu barədə Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva bildirib.

Mustafayevanın sözlərinə görə, Ə.Muxtarlı bunu noyabrın 7-də onunla telefon danışığı zamanı bildirib.

“Əfqanın ədliyyə nazirinə yazdığı məktub övladı ilə “Skype” danışığına şərait yaradılması ilə bağlıdır”, hazırda Almaniyada mühacir həyatı yaşayan Mustafayeva Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, qanunvericilikdə məhbusların ailə üzvləri ilə “Skype” danışığı nəzərdə tutulmayıb, amma, qadağan da olunmayıb.

“Çünki qanun qəbul edilən zaman "Skype" kimi proqramlar o qədər də populyar deyildi”, o qeyd edib.

Leyla Mustafayeva 5 yaşlı qızının atası üçün çox darıxdığını deyib.

“Atasını ilə uzun müddət görə bilməyən övladımın psixoloji durumu pisləşməyə başlayıb. O atası üçün darıxır. Nuray atası ilə bu ilin fevralında Əfqan yas mərasiminə buraxılanda danışa bilib. Artıq telefonla danışmaqdan yorulub, atasını görmək istəyir. Nuray bu ilin mart ayından psixoloji terapiyaya gedir”, o qeyd edib.

Əfqan Muxtarlı 2017-ci ilin mayında həbs olunub. Jurnalist Tbilisidə oğurlanaraq Azərbaycana zorla gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.

O güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham edilir.

Muxtarlı 2018-ci il yanvarın 12-də Balakən Rayon Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Muxtarlının həbsi Gürcüstan və Azərbaycan hökumətlərinin beynəlxalq tənqidinə yol açıb. Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı, Avropa Şurası, həmçinin ABŞ Dövlət Departamenti jurnalistin həbsini pisləyən bəyanatlarla çıxış edib. Amnesty İnternastional təşkilatı Muxtarlını “vicdan məhbusu” elan edib.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, cəzaçəkmə müəssisələrində bütün məhbuslar qanunvericiliyə və daxili intizam qaydalarına uyğun saxlanılır.

““Skype”-la danışmaq isə qanunvericilikdə nəzərdə tutulmayıb. Bu səbəbdən də hər hansı məhbusun, o cümlədən Əfqan Muxtarlının “Skype” ilə danışması mümkün deyil”, İctimaiyyətlə Əalqələr Şöbəsinin əməkdaşı bildirib.

XS
SM
MD
LG