Accessibility links

Medvedev Obama-Putin dialoqunun davam etdirilməsinə töhfə verməyə hazırdır


Baş nazir Rusiya və ABŞ arasında münasibətlərin yenidən yoluna qoyulması prosesinin hələ bitmədiyini deyib

Rusiyanın baş naziri Dmitri Medvedev Britaniyanın “The Times” qəzetinə müsahibədə ABŞ-Rusiya münasibətlərinin bugünkü durumunu geniş şərh edib. O, son bir neçə ildə iki ölkə arasında münasibətlərin ən məhsuldar dövrünün yaşandığını deyib. Bununla belə baş nazir Vaşinqton və Moskva arasında bəzi məsələlərdə fikir ayrılıqlarının qaldığını söyləyib.

Medvedev deyib ki, o, bəzən kütləvi informasiya vasitələrində təsvir edildiyi kimi Rusiyanın Amerikaya münasibətdə daha sərt siyasət yürütdüyü, prioritetlərin dəyişdiyi və münsaibətlərin yenidən yoluna qoyulması prosesinin başa çatdığı ilə fikri ilə razılaşmır. Onun sözlərinə görə, raket əleyhinə müdafiə sistemi ilə bağlı mövqelərin üst-üstə düşməməsinə baxmayaraq, növbəti illər üçün münasibətlər sistemini müəyyənləşdirən strateji silahların yayılmaması kimi razılıqlar məhz “perezaqruzka” dövrünə aiddir.

Medvedev həmçinin deyib ki, prezident Obamaya Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü məsələsində tutduğu düzgün mövqeyə görə şəxsən təşəkkürünü bildirmək istəyir.

Medvedev eyni zamanda Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama arasında da dost və işğüzar münasibətlərin yaranacağına ümid etdiyini bildirib. Baş nazir deyib ki, konstitusiya ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində o, dövlət başçıları arasında dialoqun möhkəmlənməsinə öz töhfəsini verməyə hazırdır.

Britaniya qəzetinin ABŞ və Rusiya arasında raket əleyhinə müdafiə sistemi ilə bağlı kompromisə dair sualının cavabında Medvedev bildirib ki, razılığın əldə edilməsi və Rusiyanın NATO-nun bu sistemində tutacağı mövqeyin müəyyən edilməsi üçün hələ vaxt var.
XS
SM
MD
LG