Accessibility links

Mehdi İbrahimov 9 gündür aclıq edir


Mehdi İbrahimov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin həbsdə olan oğlu Mehdi İbrahimovun Bakı şəhəri Xətai rayon Məhkəməsində ev dustaqlığına dair vəsatətinə baxılacaq. O 9-cu gündür aclığı davam etdirldiyi bildirilir.

Bu barədə onun vəkili Aqil Layıc Amerikanın Səsinə bildirib.

Vəkilin sözlərinə görə, vəsatətə hakim İbrahim İbrahimlinin sədrliyi ilə avqustun 19-da baxılacaq.

Bundan əlavə vəkil prokurorluqdan və Penitensiar Xidmətdən Mehdi İbrahimovun məhkəmədə iştirakını təmin etmələrini xahiş edib.

“Burdan aidiyyatı qurumlardan xahiş edirəm ki, Mehdi İbrahimovla indiyənə qədər görüşməyimə imkan yaradılmadığını, onun 9 gündür günahsız olmasına görə aclıq keçirdiyini nəzərə alaraq, onun məhkəmədə iştirakını təmin edəsiniz və azadlıq hüququnu bərpa edəsiniz,” o bildirib.

Mehdi İbrahimovun qardaşı Turan İbrahimov isə yazır ki, Mehdi İbrahimov aclğı davam etdirir.

Onun sözlərinə görə, özü ilə əlaqə saxlaya bilmədiyindən səhhəti ilə bağlı məlumat ala bilmir.

Hazırda 3 saylı Müalicə Müəssisəsində saxlanılan Mehdi İbrahimovun səhhəti ilə bağlı hər hansı məlumat verilmir. Amerikanın Səsinin Penitensiar Xidmətdən bununla bağlı məlumat almaq cəhdi də baş tutmayıb.

Yalnız o məlumdur ki, avqustun 14-də Ombudsman Aparatının Milli Preventiv Qrupunun üzvləri Mehdi İbrahimovla görüşüb.

Ombudsman Aparatının məlumatına görə, Mehdi İbrahimov barəsində aparılan istintaqın gedişindən narazılığını əsas göstərərək yemək qəbulundan imtina edəcəyini bildirib, eyni zamanda, səhhətindən şikayətlənib.

“Qeyd olunmalıdır ki, tövsiyə əsasında müəssisədə tibbi xidmətin əlçatanlığı təmin edilməklə 24 saat ərzində həkim nəzarəti təşkil olunub, psixoloq konsultasiyaları da aparılır,” məlumatda qeyd edilir.

Fəalın ailəsi bildirib ki, Mehdi ibrahimov avqustun 10-da aclığa başlayıb.

“Mehdi İbrahimov avqustun 10-dan aclıq aksiyasına başlayıb. Cəmi bir dəfə evə bir dəqiqəlik zəng edib. Ombudsman deyir biz yaxşı işləyirik, bizdən şikayət etməyin. Elə budur yaxşı işləməkləri? Günlərdir əlaqə saxlaya bilmirik. Taleyindən xəbərsizik,” onun qardaşı Turan İbrahim Facebook səhifəsində yazıb.

Mehdi İbrahimov iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədi ilə keçirilən aksiyadan sonra saxlanılıb.

AXCP funksionerinin iqtidarda olan Yeni Azərbaycan Partiyasının üzvü olan oğlu Mehdi İbrahimov karantin qaydalarını pozaraq COVİD-19 infeksiyasını yaymaqda ittiham olunaraq barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Müdafiə tərəfi Mehdi İbrahimovun insident törədənlərin arasında olmadığını və bunu sübut edən hər hansı video, foto faktın olmadığını bildirir. Mehdi İbrahimovun ailəsi onun COVİD-19 İinfeksiyasının daşıyıcısı olmadığını və karantinə alınmadığını deyib.

Mehdi İbrahimin həbsindən sonra onun atası Məmməd İbrahimə qarşı Cinayət Məcəlləsinin 186.2.1-ci (zərər çəkmiş şəxsə böyük ziyan vurmaqla əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsi), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin təşkili və ya belə hərəkətlərdə fəal iştirak), 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zorakılıq tətbiq etmək) və 278.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər) maddələri üzrə ittiham irəli sürülüb. Bu maddələr üzrə fəalı 20 ilədək azadlıqdan məhrum olunma təhlükəsi gözləyir.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Məmməd İbrahim barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məmməd İbrahim məhkəmədə həbsinin əsassız və qanunsuz olduğunu bildirib. O qeyd edib ki, iyulun 14-15-də keçirilən aksiyada ümumiyyətlə iştirak etməyib və heç kimi bu nümayişə göndərməyib, hansısa qanunsuz hərəkətlərə təhrik etməyib.

AXCP-nin məlumatına görə, Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərdə iştirak edən Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-15-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 47 nəfər fəalı həbs edilib.

“Onlardan 17 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 17 nəfər inzibati qaydada həbs edilib. 1 nəfər ev dustaqlığındadır. 12 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb. AXCP-nin 10 üzvü isə öncədən siyasi məhbusdur. Beləliklə, hazırda AXCP-nin 43 fəalı siyasi sifarişlə həbsdədir,” məlumatda qeyd edilir.

Qısa tarixcə və rəsmi məlumat

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb. Çoxsaylı insan saxlanılıb.

XS
SM
MD
LG