Məhəmməd Əmin Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub.
M.Ə.Rəsulzadə Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olub.
O, Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib.
Rəsulzadənin "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının əsas şüarı olub.
1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
Sonradan "Müsəlman demokratik "Müsavat”cəmiyyəti" adı ilə gizli fəaliyyət göstərən təşkilatın bir qolu da az sonra İranda qurulub və burada başlamış məşrutə inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilib.
1917-ci il oktyabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən Müsavat Partiyasının birinci qurultayına Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilib. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında "Azərbaycana muxtariyyət" şüarı altında milli hərəkat başlayıb.
1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şuranın sədri seçilib.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (Demokratik Respublika) elan olunub və bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yayıb.
Fətəlixan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin, bütün islam şərqi aləmində ilk dəfə olaraq respublika qurub.
1920-ci il aprelin 28-də Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra Məhəmməd Əmin Rəsulzadə Moskvaya, oradan isə Finlandiyaya gedib.
Sonradan Rəsulzadə Türkiyəyə gəlib və ömrünün sonunadək Ankarada yaşayıb. 1955-ci il martın 6-da orada vəfat edib.
Mühacirətdə olarkən Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə 1953-cü il mayın 28-də Amerikanın Səsi radiosu vasitəsilə Azərbaycan xalqına müraciət edib.
Məhəmməd Əmin Rəsulzadənin Amerikanın Səsinin arxivində qorunub saxlanan müraciətini təqdim edirik:
“Mədəniyyət tariximizin şanlı fikir adamları tərəfindən alqışlanan azadlıq və istiqlal fikri məmləkətimizdə yerləşib və bu, irəli dünya demokratiyası tərəfindən də təqdirlə qarşılanırdı. Yüz ildən bəri üstümüzə çökən istibdad və istila həyulatı artıq bizdən uzaqlaşırdı. Heyhat, qədərin imtanları tamam deyilmiş. Qanlı çar istibdadının yerini bu dəfə ondan daha qanlı bolşevik istibdadı tutdu. Azadlıq və istiqlalımız qızıl istilaçıların qanlı ayaqları altında əzildi. Müqavimət edən məmləkətdə qan gövdəyə çıxdı.
Bundan bir ay əvvəl 28 apreldə sovet propaqandçıları bu fahiş istila hadisəsini sizə bir azadlıq və istiqlal hadisəsi kimi göstərdilər. Sözdə sizə dünyanın ən azad və ən demokrat bir rejimi kimi qələmə verilən sovet quruluşu işdə ən qəddar və ən yalançı bir istibdad rejimidir. Müqayisə etmək imkanında olsaydınız, bunun nə dərəcədə doğru olduğunu gözünüzlə görərdiniz. Azadlığınızı əlinizdən alanlar qorxmurlarsa, dəmir pərdəni qaldırsınlar, azadlıq elan etsinlər. Edə bilməzlər, çünki ağla qara meydana çıxar. Onlar şəbbərə kimidirlər, günəşdən qaçarlar.
Azərbaycan və onunla bərabər bütün Qafqasiya cümhuriyyətləri həqiqi azadlıq və istiqlallarına 1918-in mayısında qovuşdular.1920-də isə bu azadlıq və istiqlal qızıl rus ordusu tərəfindən üstün qüvvətlərlə qanla və atəşlə basırıldı. Faciələr və qəhrəmanlarla dolu olan mücadilədə on minlərlə vətəndaş şəhid oldu. 1920 istilasına qarşı 1918 istiqlal haqqını müdafiə edən Qafqasiya millətləri indi 33 ildir ki müxtəlif vasitələrlə mücadilə edirlər. Zaman-zaman dramatik şəkillər alınan bu mücadilədə vaxtılə yalançı kommunist şüarlarına aldanan yol azmış bəzi vətəndaşlar belə bu gün həqiqi millətçilər və vətənpərəstlər cəbhəsinə keçmişlərdir.
Yabançı istilaçı üzərinə əcnəbi məmləkətlərə sığınmış olan Qafqasiya emiqrantları milli istiqlal davasını mədəni dünya əfkari-ümumiyyətinə anlatmaqdadırlar. Bu vəzifəni ifada nə kimi müşküllərə uğradığımızdan burada bəhs etmənin yeri deyildir. Bu qədər demək lazımdır ki, sovetlərdə, kommunist rejiminə düşən millətlərin hər cürə haqq və hüquqdan məhrum qullardan ibarət cəmiyyətlər halına gəldiyini azad dünyaya anlatmaq çox kolay olmamışdır. Şükür ki hadisələr bizə kömək edir. Dünya sovet həqitətini görməyə başlayıb. Səkkiz ildən bəri hərbi bitirmiş ikən sülhə qovuşa bilməyən dünya artıq məsələni anlayır. Bilir ki, azadlıq və insan haqlarını inkar edən kommunistlər müəzzəm bir dövlət halında ayaqda durduqca və dünya inqilab atəşi ilə yandırmaq üçün kibrit çəkdikcə yer üzündə heç zaman sülh və asayiş qurula bilməyəcəkdir. Azadlıq cahanşümul bir fikirdir. Bir tək əsir insan, bir tək əsir millət vaqii qaldıqca dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz.
1918 mayısındakı tarixi qərarları ilə azadlıq sevən birləşmiş millətlər cəbhəsində yer alan Qafqasiya millətlərinin müqəddəratları azad millətlərin müqəddəratları ilə bağlanmışdır. Rusiyadan ayrılmanın bir irtica, başqalarından ayrılmanınsa bir inqilab olduğunu söyləyən sovet diktatoru Stalin ölmüşdür. Amma onun ikiüzlü sistemi-stalinizm hələ ayaqdadır. Bu sistem gün keçdikdə dünya həqiqətləri ilə daha çox qarşılaşmaqda, haqqla batil, yalanla doğru üz-üzə gəlməkdədir. Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq. Azadlıq əsasını, birləşmiş millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında inliyən əziz vətənimizdə 1918 28 mayıs kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyin əziz vətəndaşlar.
Üçrəngli istiqlal bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər cürə qorxu və təzyiq altında qəlbləri istiqlal eşqilə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin beytilə dilə gətirirəm: Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”