Accessibility links

Əli İnsanovun kassasiya şikayətinə baxış başlayıb [Video]


Əli İnsanov

Məhkəmə iclası qeyri-müəyyən vaxtadək təxirə salınıb

Noyabrın 14-də Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə sabiq səhiyyə naziri Əli İnsanovun kassasiya şikayətinə baxış başlayıb. Proses Əli İnsanovun iştirakı olmadan başlayıb.

Dövlət ittihamçısı Rizvan Şəmmədov cinayət işinin çox cildli olduğuna görə məhkəməyə hazırlaşmaq imkanının olmadığını bildirib və prosesin təxirə salınmasını xahiş edib.

Bu zaman İnsanovun vəkili Ağaveyis Şahverdi məhkəmə heyətindən kassasiya şikayhətinə baxılmasını xahiş edib. Onun fikrincə, kassasiya şikayətinin verilməsindən bir neçə ay keçib və prosesin təxirə salınmasına ehtiyac duymur.

Amma sədrlik edən Fərhad Kərimov prosesin qeyri-müəyyən vaxtadək təxirə salınması barədə qərara qəbul edib.

Ağaveyis Şahverdi
Ağaveyis Şahverdi

Vəkil məhkəmənin növbəti iclasının vaxtının təyin edilməsini sədrlik edəndən xahiş edib. Lakin hakim heyəti vəıkilin bu xahişini də nəzərə almayıb.

“Növbəti məhkəmə iclasının vaxtı bu günki iclasda müəyyən edilməlidir. Yenə qeyri müəyyən vaxt adı ilə kassasiya şikayəinə baxılmasını bir neçə ay uzatmaq istəyirsiniz”, o narazılığını bildirib.

Vəkil Toğrul Babayev isə hesab edir ki, dövlət ittihamçısının dedikləri doğru deyil.

“Çinayət işi çox cildli deyil. Cəmi üç cilddən ibarətdir. Əli İnsanov isə hər hansı ifadə verməyib. Orada cəmi bir neçə şəxsin ifadəsi var”, Babayev jurnalistlərə bildirib.

Ağaveyis Şahverdi və Toğrul Babayev
Ağaveyis Şahverdi və Toğrul Babayev

Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilib. O sonradan iqtisadi cinayətlərdə ittiham edilərək 11 il azadlıqdan məhrum edilib.

2016-cı ilin oktyabrında həbsdən çıxmasına bir neçə gün qalmış ona qarşı yeni ittihamlar irəli sürülüb: 234.1 (narkotik maddənin əldə edilməsi və saxlanması), 315.2 (xidməti vəzifəsini yerinə yetirərkən hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 317. 2.1 (qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və gəzdirilməsi).

Ali Məhkəmə
Ali Məhkəmə

2016-cı il oktyabrın 11-də Qaradağ Rayon Məhkəməsi həbsdə olan sabiq nazirə yeni həbs qərarı çıxarıb.

2017-ci il aprelin 26-da Bakının Qaradağ rayon Məhkəməsinin hökmü ilə İnsanov 7 il 5 gün azadlıqdan məhrum edilib.

Keçmiş nazir Qaradağ rayon Məhkəməsinin hökmünü onun həbsdən buraxılmaması üçün "uydurulmuş ittihama verilən ədalətsiz hökm" adlandırıb.

”Onlara çatdırın ki, siz heç zaman dəmir barmaqlıqlar arxasında Əli İnsanovun kədərli heykəlini görməyəcəksiniz. Əli İnsanov mübarizə adamıdır, xalqının azadlığı və firəvanlığı uğrunda dəmir barmaqlıqlar arxasında da mübarizəsini aparacaq. Əli İnsanov ölümlə rəqs edənlərdəndir. Onu heç nə qorxutmur. Bu həbsi də iki prezident seçkisinə hesablayıbsınız”, İnsanov qeyd edib.

Bakı Apellyasiya Məhkəməsi 2017-ci il iyunun 22-də hakim Əflatun Qasımovun sədrliyi ilə keçmiş səhiyyə nazirinin 7 il 5 gün azadlıqdan məhrum edilməsi ilə bağlı Qaradağ rayon Məhkəməsinin hökmündən verilən şikayəti təmin etməyib. Bundan sonra İnsanov Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib.

Vəkilin sözlərinə görə, kassasiya şikayətinə baxış üç aydan çox təxirə salındıqdan sonra İnsanov Ali Məhkəmənin sədri Ramiz Rzayevə məktubla müraciət edərək süründürməçiliyə etirazını bildirib və bundən sonra məhkəmə noyabrın 14-nə təyin edilib.

Əli Insanov
Əli Insanov

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun ədalətsiz mühakimə olunması barədə qərar çıxarıb. Ancaq Azərbaycan hakimiyyəti hökmü dəyişməyib.

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hökumətini Avropa Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Hüquq-müdafiə təşkilatları Ə.İnsanovu “siyasi məhbus” kimi tanıyıb.

Əli İnsanov bütün məhkəmələrində hazırki iqtidarın yüksək vəzifəli şəxslərini kəskin tənqid edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG