Accessibility links

Jurnalistin məhkəməsi davam edib


Əfqan Sadıqov
Əfqan Sadıqov

Dekabrın 15-də Cəlilabad rayon Məhkəməsində (Bakıdan 211 kilometr cənub) jurnalist Əfqan Sadıqovun Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib. Bu barədə vəkil Elçin Sadıqov facebook səhifəsində bildirir.

Azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov noyabrın 22-də saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Söhbət bu ilin avqustunda rayon icra hakimiyyətinin binasında baş vermiş insidentdən gedir. Həmin vaxt dəhlizdə bir qadın ona yumruqla hücum edib, dərhal insident sağlamlığa ziyan vurma kimi protokollaşdırılıb. İstintaq hesab edir ki, qadının - Aliyə Rzayevanın beyni silkələnib.

Əfqan Sadıqov ittihamı qəbul etmir və sifariş adlandırır.

“Jurnalist fəaliyyətimi həyata keirdiyimə, xüsusən rayondakı qanunsuzluq faktlarını ictimailəşdirdiyimə görə həbs olunmuşam”, Sadıqov məhkəmənin diqqətinə çatdırıb.

Vəkilin sözlərinə görə, dekabrın 15-də keçirilən iclasda iki nəfər şahid dindirilib.

“Mən Hüseyn Cavid, Mikayıl Müşfiq və Əhməd Cavaddan artıq deyiləm. Onlar da bu xalq üçün yanıblar və nəticədə xalqın içində olan müəyyən şəxslər onların üzünə durub, şərləyiblər”.

Əfqan Sadıqov

“Şahidlər bildirdilər ki, Əfqan Sadıqov "zərərçəkənin" başını divarın küncünə dəfələrlə vurub, lakin buna baxmayaraq üzərində heç bir qan izi olmayıb. Hadisə yerində çəkilmiş fotoşəkillərdən görünür ki, divarın küncü də daxil olmaqla heç bir yerdə heç bir iz qalmayıb. Bu da hadisənin yalandan uydurulduğunu tam sübut edir”, E,Sadıqov yazıb.

Məhkəmədə Əfqan Sadıqov şahidlərə deyib: “Mən Hüseyn Cavid, Mikayıl Müşfiq və Əhməd Cavaddan artıq deyiləm. Onlar da bu xalq üçün yanıblar və nəticədə xalqın içində olan müəyyən şəxslər onların üzünə durub, şərləyiblər”.

Vəkilin sözlərinə görə, jurnalist özlərinin düşündüyü yaxşı güzərana görə üzünə duranları qınamır.

“Vaxt gələcək hər şey öz yerini tapacaq”, vəkil jurnalistə istinadən yazıb.

Məhkəmə iclası 2017-ci il yanvarın 6-na təyin edilib.

XS
SM
MD
LG