Dekabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyilə “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımovun və daha 11 dindarın işi üzrə hazırlıq iclası keçirilib.
Elçin Qasımov 2015-ci il noyabrın 6-da 30 sutka inzibatı cəza alıb. Üç həftədən sonra - noyabrın 26-da Daxili İşlər Nazirliyi Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirərək “Müsəlman Birliyi” Hərəkatının 15-ə yaxın üzvünü və qurumun lideri Taleh Bağırzadəni həbs edib.
Onlar hakimiyyətin ələ keçirilməsinə cəhddə, terrorizm və digər ağır cinayətlərdə ittiham olunublar.
İnzibati həbs müddəti başa çatdıqdan sonra E.Qasımova qarşı analoji ittiham irəli sürülüb. Onun işi üzrə daha 10 nəfər həbs edilib.
Bu gün E.Qasımovla yanaşı Ağa Yəhyayev, Mahir Qəhrəmanov, Seyfəddin Şirvanov, Ramil Əliyev, Fərhad Muradov, Elgün Axundov, Vüsal Alış, Seymur Aslanov, Əli Şahbazov, Əmirəli Əliyev və İsa İbrahimov məhkəmə qarşısında dayanıb.
İclas başlamazdan öncə E.Qasımov zala müraciət edərək bildirib ki, müttəhimlər günahkar deyil. O qeyd edib ki, müttəhimlər silahlı olmayıblar. “Bizim bir silahımız var - dualarımız”, - E.Qasımov vurğulayıb.
Hakim mahiyyəti üzrə dinləmələri dekabrın 30-na təyin edib. İclasın sonunda E.Qasımov hakimi bütün arzu edənlərin zala buraxılmasına çağırıb, çünki zalda boş yerlər çoxdur.