Accessibility links

Apellyasiya Məhkəməsi Qiyas İbrahimovun vəkilinin vəsatətlərini təmin etməyib [Video]


Qiyas İbrahimov
Qiyas İbrahimov

Dekabrın 26-da Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyilə NİDA Vətəndaş Hərəkatının fəalı Qiyas İbrahimovun şikayətinə baxılıb. İclas zamanı müdafiə tərəfinin 10 vəsatətinin heç biri təmin edilməyib.

Vəkil Elçin Sadıqov Q.İbrahimovun şüşə qəfəsdən çıxarılıb vəkillə yanaşı oturması barədə vəsatət qaldırıb. Çünki şüşə qəfəsin içində olan Q.İbrahimov zalda baş verənləri eşitmir.

Vəkil Q.İbrahimovun təqsirsizlik prezumpsiyasının pozulması ilə əlaqədar Daxili İşlər Nazirliyinin nümayəndəsinin məhkəməyə çağırılması barədə vəsatət qaldırıb.

Sonra E.Sadıqov Q.İbrahimovdan götürülən narkotik maddənin üzərindəki əl-barmaq izlərinin və əməliyyatda iştirak edən polis əməkdaşlarının əl-barmaq izlərinin ekspertizadan keçirilməsi barədə vəsatət qaldırıb.

Həmçinin vəkil məhkəmə qərarı qüvvəyə minənə qədər Q.İbrahimovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb.

Bundan əlavə, E.Sadıqov Bakı Baş Polis İdarəsinin əməkdaşı Şirəli Babayevin məhkəməyə çağırılması barədə vəsatət qaldırıb. Belə ki, o, səlahiyyəti olmadan bu iş üzrə ekspertiza təyin edib.

Vəkil Q.İbrahimovun saxlanmasında iştirak edən digər polis əməkdaşlarının məhkəməyə çağırılması barədə vəsatət qaldırıb.

Bununla yanaşı müdafiə tərəfi İbrahimov saxlanan zaman ona dövlət tərəfindən təyin edilmiş vəkilin mayın 10-dan 21-dək iş qrafikinin məhkəməyə təqdim edilməsi barədə vəsatət qaldırdı. Sadıqovun sözlərinə görə, vəkil həmin vaxt ərzində 20-dən çox işdə dövlət tərəfindən təyin edilmiş vəkil olub.

Bununla yanaşı, Sadıqov Qiyas İbrahimovun saxlanıldığı Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasının video kamerasının görüntülərinin məhkəmədə baxılması və ya həmin vaxt yazılmış video kadrların silinməsinin məhkəməyə izah edilməsi barədə vəsatət qaldırıb.

Hakim vəsatətlərin heç birini təmin etməyib.

Qiyas İbrahimov hakimlərin vəsatətləri təmin etməməsinə etiraz edib.

Vəkil isə deyib ki, vəsatətlərin təmin edilməməsi ilə əlaqədar müdafiə tərəfi Ali Məhkəməyə kassasiya şikayəti verəcək. Hakim növbəti məhkəmə iclasını dekabrın 29-na təyin edib.

Bu zaman, Qiyas İbrahimovun anası sədrlik edən Vüqar Məmmədovdan məhkəmə zalında oğlu ilə görüşə icazə verməsini xahiş edib. Hakim ananın xahişini təmin etməyib.

“Siz öz balalarınızı görün bəsinizdir. Ənvər Seyidov (Ağır Cinayətlər Məhkəməsinin hakimi-red) belə mənim oğlumla görüşümə icazə verirdi”, ana qeyd edib.

NİDA Vətəndaş Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov bu il mayın 10-da Heydər Əliyevin abidəsinin üzərində siyasi şüarlar yazdıqdan sonra həbs olunublar. Ancaq onları qanunsuz narkotik maddə dövriyyəsində ittiham edərək hər birini 10 il azadlıqdan məhrum ediblər.

Amnesty International təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu “vicdan məhbus” elan edib.

Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik maddə ittihamı saxtalaşdırılıb.

“Yeganə məqsəd gəncləri siyasi fəaliyyətə görə cəzalandırmaq olub”, Amnesty İnternational hesab edir.

Apellyasiya Məhkəməsi Qiyas İbrahimovun vəkilinin vəsatətlərini təmin etməyib
please wait

No media source currently available

0:00 0:02:17 0:00

XS
SM
MD
LG