Accessibility links

Əli İnsanov: Məni nə ilə ittiham edirsiniz?- Heç bir suala cavab yoxdur


Keçmiş səhiyyə naziri Əli İnsanov

Aprelin 19-da Bakının Qaradağ rayon Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Prosesə bir neçə jurnalist buraxılıb. Məhkəmə zalında cəmi 6 stul var, onlardan birində isə zərərçkən oturur.

Hakim Rəşad Mustafayevin sədrlik etdiyi prosesdə sənədlər tədqiq edilib.

Prosesdə iştirak edən şəxslərdən biri Amerikanın Səsinə bildirib ki, ilk öncə cinayət işində olan sənədlər elan olunub.

Məlum olub ki, cəzaçəkmə müəssisəsində Əli İnsanovun əşyalarına baxış və götürmə protokolunda İnsanovun və müdafiəçilərin imzası yoxdur.

Hakim Penitensiar Xidmətin iş planının elan edib.

Cəzaçəkmə müəssisəində yoxlama aparılması barədə Əli İnsanov deyib ki, iş planı bir qayda olaraq ilin əvvəlində tərtib olunur, amma bu sənəddə iş planının iyul ayında tərtib olunduğu məlum olub.

“Sifarişli iş belə olur”, o qeyd edib.

Hakim cavabında deyib ki, iyul ayında rüblük iş planı hazırlanıb. Bunu isə vəkillər hakimin münasibət bildirməsi kimi protokala yazılmasını istəyib.

Sonra ekspert rəyləri elan olunub.

Vəkil Toğrul Babayev deyib ki, ekspert rəyində dərmanların istifadə müddəti ilə bağlı rəy yoxdur.

“Bəlkə dərmanların istifadə müddəti bitib”.

Bu zaman hakim, - “ekspert rəyində dərmanlarla bağlı məlumat var. Yararsız olsa idi qeyd edilərdi”, cavabını verib.

Vəkil hakimin münasibət bildirməsinə etiraz edib.

Əli İnsanov deyib ki, narkotik tərkibli dərmanlar rəngli olmur.

“Ekspert rəyində dərmanın rənginin göy olduğu yazılıb. Bu rəy qondarma və saxtadır”.

Vəkil Toğrul Babayev zərərçəkmiş Anar Məmmədovdan sual edib ki, 30-35 gün xəstəxanada yatıbsa, bəs ifadəni nə vaxt verib?

Anar Məmmədov bildirib ki, xəstəxanada iki gün qaldıqdan sonra onu prokurorluğa aparıblar, orada ifadə verib.

“Mən kəllə-beyin travması almışdım. Bu o demək deyil ki, əlim-ayağım yox idi”, o qeyd edib.

Əli İnsanov dərmanların olduğu şüşə qabların üzrəindəki barmaq izləri ilə bağlı ekspertiza keçirilməsi barədə vəsatət qaldırıb.

Hakim vəsatəti təmin etməyib. İnsanov ibtidai istintaq zamanı da bu vəsatətinin təmin edilmədiyini deyib.

Məlum olub ki, istintaq materallarına zərəçəkmiş Anar Məmmədovun kəllə-beyin travması aldığı əks olunmuş komputer-tomoqrafiya daxil edilməyib.

“Əgər kəllə-beyin travması olsa idi Anar Məmmədovun beyninə qan sıza bilərdi. Bu səbəbdən komputer-tomoqrafiya edilməsi vacibdir. Istintaq materiallarında sadəcə kəllə-beyin travması aldığı yazılıb. Ancaq, bunu sübut edən tibbi sənəd yoxdur. Çünki Anar Məmmədov hər hansı zədə almayıb. Belə olan halda siz məni nə ilə ittiham edirsiniz? Heç bir suala cavab yoxdur”, İnsanov məhkəmədən sual edib.

Vəkil Ağaveyis Şahverdi istintaq materiallarına cırılmış protokolların daxil edilməməsinin səbəbini soruşub.

Hakim deyib ki, cırılmış protokol maddi sübutların saxlandığı yerdə saxlanılır.

Bu zaman Ağaveyis Şahverdi maddi sübut kimi cırılmış protokolların məhkəməyə təqdim edilməsi barədə vəsatət qaldırıb.

Hakim bununla bağlı vaxtında vəsatət verilməsinin vacibliyini xatırladıb.

Ağaveyis Şahverdi istintaq materiallarına daxil edilmiş sübutların məhkəmədə təsdiqini tapmadığı üçün əsassız hesab olunması barədə də vəsatət verib.

“Axtarış və baxış protokolları Əli İnsanov və müdafiəçilərinin iştirakı olmadan tərtib edilib. Əli İnsanovun paltarındakı liflərin Anar Məmmədovun paltarındakı liflərə uyğun olması ilə bağlı ekesper rəyi də sübutunu tapa bilməz. Çünki Əli İnsanov həmin vaxt geyindiyi paltarı zibilə atmışdı. Ekspert başqa paltarı ekpertiza edib. Bunların hamısı sübutlar siyahısından çıxarılmalıdır”, vəkil Ağaveyis Şahverdi bildirib.

Vəkillər Anar Məmmədovda hazırda kəllə-beyin travmasının təsirinin qalıb-qalmaması və onun anlaqlı olub-olmaması barədə ekspertiza keçirilməsi barədə vəsatət qaldırıb. Hakim bu vəsatəti də təmin etməyib.

Prokuror və zərəçəkmiş Anar Məmmədov da bir qayda olaraq vəsatətlərin təmin edilməməsini istəyib.

Beləliklə, hakim məhkəmə istintaqının başa çatdığını elan edib.

Növbəti iclasda prokurur Əli İnsanova iş istəyəcək.

Proses aprelin 26-da saat 14.30 davam edəcək.

Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilib. Sonradan iqtisadi cinayətlərlə 11 il azadlıqdan məhrum edilib.

2016-cı ilin oktyabrında həbsdən çıxmasına 56 gün qalmış ona qarşı yeni ittihamlar irəli sürülüb: 234.1 (narkotik maddənin əldə edilməsi və saxlanması),315.2 (xidməti vəzifəsini yerinə yetirərkən hakimiyyət nümayəndəsinə müqavimət göstərilməsi), 317 2.1 (qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və gəzdirilməsi). 2006-cı il oktyabrın 11-də Qaradağ Rayon Məhkəməsi onun barəsində həbs qərarı çıxarıb.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun ədalətsiz mühakimə olunması barədə qərar çıxarıb. Ancaq Azərbaycan hakimiyyəti hökmü dəyişməyib.

Avropa Şurası Nazirlər Kabineti Azərbaycan hökumətini Avropa Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Hüquq-müdafiə təşkilatları Ə.İnsanovu “siyasi məhbus” kimi tanıyıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG