Accessibility links

Vəkil AXCP fəalının işində zərərçəkmişin axtarışda olduğunu bildirib [Video]


Vəkil AXCP fəalının işində zərərçəkmişin axtarışda olduğunu bildirib
please wait

No media source currently available

0:00 0:03:05 0:00

Fuad Əhmədlinin işi üzrə məhkəmə davam etdirilib

Mayın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fuad Əhmədlinin işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün istintaq tərəfindən zərəçəkmiş kimi tanınan Samir Xəlilov məhkəmə heyətindən adının zərərçəkmişlər siyahısından çıxarılmasını xahiş edib.

“Mən hər hansı zərər çəkməmişəm, həyəcan da keçirməmişəm”, onun bu bəyanatı zalda alqışla qarşılanıb.

Fuad Əhmədli 2016-cı ilin avqustunda Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin pozulması) və 308-ci maddəsinin 1-ci bəndi (vəzifə səlahiyyətlərindən sui-istifadə) üzrə ittihamla həbs olunub. Bu ilin martında ittihamlar 308-ci maddənin daha ağır cəza nəzərdə tutan 2-ci bəndinə tövsif edilib. İstintaq Əhmədlini işçisi olduğu "Azərfon" mobil rabitə şirkətinin abunəçilərinin şəxsi məlumatlarını yaymaqda ittiham edir.

Əhmədli ittihamları qəbul etmir, siyasi sifariş kimi qiymətləndirir.

Bugünkü məhkəmədə həmçinin vəkil Əsabəli Mustafayev digər zərərçəkmiş Məhəmməd Quliyevin 2015-ci ildən dələduzluq ittihamı ilə Bakı şəhər Baş Polis İdarəsi tərəfindən axtarışda olduğunu bildirib. Vəkil dediklərinin sübutu kimi Bakı şəhər Baş Polis İdarəsinin rəsmi saytındakı axtarış lövhəsindəkilər arasında olan Məhəmməd Quliyevin fotosunu (http://www.bakupolice.gov.az/?/az/menu/41/) məhkəməyə təqdim edib.

“Bu göstərir ki, Məhəmməd Quliyev məhkəmə qarşısında and içməsinə baxmayaraq bilə-bilə məhkəməyə yalan məlumat verib. O, ifadəsini polisin təzyiqi altında verib. Bu adam 2015-ci ildən axtarışda olmasına baxmayaraq 2016-cı ildə şəxsiyyət vəsiqəsi alıb. Məhkəmədən xahiş edirəm ki, bu şəxsi zərərçəkmişlər siyahısından çıxarsın. Onun axtarışda olması və məsuliyyətə cəlb edilməsi ilə bağlı dövlət ittihamçısı münasibət bildirsin. Belə çıxır ki, biz axtarışda olan adamı tutub istintaqa təhvil vermirik”, vəkil qeyd edib.

Məhəmməd Quliyev (Çıxarış Bakı şəhər Baş Pois İdarəsinin rəsmi saytındandır)
Məhəmməd Quliyev (Çıxarış Bakı şəhər Baş Pois İdarəsinin rəsmi saytındandır)

Bu zaman zərərçəkmiş vəkilə etiraz edib, axtarışda olmadığını, 2015-ci ildə polisə çağırıldığını və ifadə verdikdən sonra azad buraxıldığını deyib.

“Necə ola bilər, mən 2016-cı ildə şəxsiyyət vəsiqəsi də almışam”, M.Quliyev qeyd edib.

Quliyevin etirazı zalda oturanların narazılığına səbəb olub. “Vəkilə danışmağa imkan verin”, deyən şəxs hakim tərəfindən məhkəmə zalından kənarlaşdırılıb.

Dövlət ittihamçısı Anar Tarıverdiyev vəsatətin ona aidiyyatı olmadığını deyib.

“Vəsatət təmin edilməsin”, prokuror sədrlik edəndən xahiş edib.

Dövlət ittihamçısnın münasibəti zalda gülüşlə qarşılanıb.

“Burada gülməli heç nə yoxdur. Kim gülürsə, özünə gülür. Biz ədalətli məhkəmə araşdırması aparırıq”, sədrlik edən Fikrət Qəribov zala müraciət edib.

Beləliklə, hakim vəkilin qaldırdığı məsələnin araşdırılması üçün Bakı şəhər Baş Polis İdarəsinə müraciət edilməsi barədə qərar qəbul edib.

Fuad ƏIhmədli məhkəməyə sərbəst ifadəsində 2012-ci ildən "Azərfon" şirkətində operator işlədiyini və hər hansı günahının olmadığını deyib.

“İşə qəbul olunarkən daxili prosedur qaydalarına əməl edilməsi ilə bağlı sənədi imzalamışam. Burada qaydaların pozulmasına görə, yalnız administrativ cəza nəzərdə tutulur. Mənim bütün hərəkətlərim daxili qaydalara uyğun olub və axtarışa səbəb olacaq juçok (gizli mikrofon) yerləşdirmək, şəxsə aid açıq olmayan məlumatların yayılması, şəxsin izlənməsi və başqa hallara aid deyil”.

Əsabəli Mustafayev
Əsabəli Mustafayev

O ittihamda deyildiyinin əksinə olaraq bildirib ki, hər hansı açıq olmayan məlumatı yaymayıb və belə bir məlumatların komputerinin bazasında yerləşdirilmədiyini məhkəmənin diqqətinə çatdırıb. Əhmədli burada misallara müraciət edib.

“ATV kanalında veriliş gedib. Efirdə “Azərfon”da vəzifəli şəxs abunəçinin şəxsiyyəti, ünvanı, telefon nömrəsi və digər məlumatları barədə danışıb. Onda ATV televiziyasına da cinayət işi qaldırın. Niyə etmirsiniz? Mən siyasi fəalam! Və yaxud “Azərfon” müxtəliv vasitələrlə (dilerlər, satış mərkəzləri və s.) telefon nömrələri satır. Bir halda isə şəxslər telefon nömrələrini küçələrdə, bazarlarda, meydanlarda satır. Çox vaxt həmin şəxslərdən telefon nömrəsi alanlar nömrələrin onların adına rəsmiləşdirildiyini soruşurdu. Biz də cavab verirdik ki, onların adına belə telefon nömrəsi yoxdur. Burada bizim cavabımızda cinayət tərkibi nədir?” o sual edib.

Əhmədli deyib ki, şahid qismində ifadə verən əmisi oğlu Əliağa Əhmədli ondan xahiş edib ki, zərərçəkmiş qismində tanınan Məhəmməd Quliyevin harada olduğu barədə məlumat verim.

Mən də ona yazmışam ki, ya xaricdədir, ya da sərhəddə.

“Bu mənim əmim oğlu ilə dialoqumdur. Bu dialoqdan Məhəmməd Quliyev zərər çəkə bilməz”, o qeyd edib.

Bunu Əliağa Əhmədli də təsdiq edib.

“Məhəmməd Quliyev mənim işlətdiyim kafedə aşpaz idi. Banketə bazarlıq etmək üçün pul götürmüşdü. Sonra telefonuna zəng çatmadı. Mən Fuada zəng edib, onun harada olduğunu öyrənmək istədim. O isə bir qədər sonra SMS yazdı ki, deyəsən xaricdədir”, şahid qeyd edib.

Şahid Vüqar Məhərrəmov isə iş yoldaşının ondan bir telefon nömrəsinin kimə məxsus olduğunu öyrənməyi xahiş edib. O, Fuad Əhmədliyə zəng edib.

“Fuad mənə dedi ki, həmin telefon nömrəsi şirkətə aiddir. Hansı şirkətə aid olduğunu demədi”, Məhərrəmov qeyd edib.

Digər bir halda isə Əhmədlinin iş yoldaşı xahiş edib ki, bir abunəçinin balansı barədə Elvin adlı şəxsə məlıumat versin.

“Hər gün, çoxsaylı abunəçilər bu tipli məlumat almaq üçün qaynar xəttə zəng edir və bu məlumatlar qapalı deyil. “Azərfon”da monitorinq qrupu var. Qaydaları pozanda həmin qrup araşdırır və administrativ cəza verilir. Amma, mənim haqqımda belə araşdırma olmayıb”, Əhmədli sərbəst ifadəsində bildirib.

Məhkəmə prosesi mayın 23-ü saat 10.30-da davam etdiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG