Accessibility links

“Faiq Əmirliyə qarşı ittihamlar gülüncdür”, vəkillər belə deyib [Video]


"Azadlıq" qəzetinin yayım direktorunun məhkəməsi başlayıb

Mayın 19-da Bakının Səbael rayon Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə “Azadlıq” qəzetinin yayım direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirlinin cinayət işi üzrə hazırlıq iclası keçirilib. Məhkəmə baxışı iyunun 1-i saat 11.30-a təyin edilib.

Faiq Əmirli 2016-cı il avqustun 20-də saxlanılıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (KİV-dən istifadə etməklə milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub. 2017-ci il aprelin 17-də ona yeni ittihamlar irəli sürülüb - Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddəsi (vəzifə səlahiyyətindən sui-istifadə).

Məhkəmə iclasında ABŞ, Fransa, Almaniya səfirliklərinin, Avropa İttifaqının təmsilçiləri, AXCP sədri Əli Kərimli, hüquq müdafiəçiləri, ictimaiyyətin nümayəndələri iştirak edib. Zalda stullar artırılsa da insanların bir çoxu məhkəmə binasının qarşısında gözləməli olub.

Bu hal zalda olanlar və vəkillər tərəfindən narazılıqla qarşılanıb. Vəkillər məhkəmənin daha geniş zalda keçirilməsi ilə bağlı vəsatət qaldırsa da hakim məhkəmə binasında geniş zalın olmadığını bildirib.

Vəkillər eyni zamanda prosesdə video çəkiliş aparılması, Əmirlinin şüşə qəfəsdən çıxarılaraq vəkillərinin yanında oturdulması, cinayət işinin icraatına xitam verilməsi, Faiq Əmirliyə bəraət verilməsi və ya həbs qətimkan tədbirnin dəyişdirilməsi barədə vəsatətlər qaldırıb.

Prokuror Vüsal Abdullayev vəsatətlərin təmin edilməməsini məhkəmədən xahiş edib və hakim vəsatətləri təmin etməyib.

Vəkillər Fəxrəddin Mehdiyev və Aqil Layıcov cinayət işinin məhkəmə perspektivi olmadığını, ittihamların siyasi sifariş, qondarma və uydurma olduğunu bildirib.

“27 cildlik cinayət işinin 26,9 cildi “Azadlıq” qəzetindən bəhs edir. Burada Əmirliyə verilmiş ittihamlar barədə danışılmır. Cinayət işi o qədər gülüncdür ki, Avropa İnsan Hüquqları Məhkəməsi konvensiyanın 5-ci maddəsi üzrə (azadlıq və toxunulmazlıq hüququ) şikayətimizi tez bir zamanda icraata götürüb kommunikasiyaya başladı. 2017-ci ilin aprelin 17-də kommunikasiya prosesində istintaq orqanı dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə və milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması maddələri üzrə ittihamları götürdü, yeni vergidən yayınma və vəzifə səlahiyyətlərindən sus-istifadə ittihamları irəli sürüldü. İstintaq o zaman anladılar ki, Əmirli əvvəlki ittihamlar üzrə həbs olunub, ittiham götürüldüyündən o azad edilməlidir. Məhz bu səbəbdən mayın 2-də yenidən əvvəlki ittihamlar bərpa edildi. Əmirli aprelin 17-dən mayın 2-dək qanunsuz həbsdə saxlanılıb. Bu barədə ayrıca şikayət verəcəyik”, Layıcov qeyd edib.

Vəkillər cinayət işinin gülməliyini və uydurma olması barədə çoxsaylı dəlilləri məhkəmənin diqqətinə çatdırıb.

“İttihamda əvvəlcə guya Faiq Əmirlinin avtomobilindən dini kitab və disk tapıldığı iddia edilirdi. Sonra ittiham tərəfi gördü ki, kitab rəsmi qaydada çap olunub, onun müəllifi mötəbər adamdır (Baş Prokurorun əmisi, YAP Siyasi Şurasının üzvü mərhum Zahid Qaralov), müəllifi tutmaq olmaz, kitab məsələsini cinayət işindən çıxardı. Disk məsələsi cinayət işində qalıb. Həmin diskdəki material isə Əmirlinin avtomobilində axtarışdan çox-çox əvvəl youtube.com saytında yerləşdirlib”, vəkil Fəxrəddin Mehdiyev məhkəmənin diqqətinə çatdırıb.

Vəkil 283.2.2-ci (KİV-dən istifadə etməklə milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddəisinin dispozisiyasından danışarkən deyib ki, istintaq Əmirlini imam kimi təqdim etsə belə, onun hərəkətləri cinayət tərkibi yaratmır.

“İstintaq hesab edir ki, Əmirlinin milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması niyyəti olub. Bu “Yuxu” filmidir. Hər hansı cinayət tərkibi yaratmır. Əgər, Faiq Əmirli düşmənçilik salınması ilə bağlı fikrilərini KİV-də yaysa idi, bu halda cinayət tərkibindən danışmaq olardı. İstintaq orqanı Əmirllinin hansı mediada belə bir material dərc etdirdiyini məhkəməyə təqdim etməlidir. Bu hal yoxdur. İstintaq həm də Faiq Əmirlinin dini, irqi, milli, sosial nifrətdən hansını düşündüyünü və ya saldığını müəyyən etməyib”, vəkil Layıcov ironiya ilə deyib.

Vəkil Fəxrəddin Mehdiyev isə Əmirlinin vəzifəli şəxs olmadığını bildirib və onun əmək müqaviləsini sədrlik edənə təqdim edib.

“Əmək müqaviləsində yazılıb ki, Əmirli kuryer və redaksiyaya texniki xidmət işlərini görüb. İstintaq orqanı qəzetin redaksiya, çap və digər xərclərini, satılmamış qəzet nüsxələrini hesablamadan, qiymət fərqini nəzərə almadan (“Azadlıq” qəzetinin bir nüsxəsi əvvələr 40 qəpiyə, son ildə isə 60 qəpiyə satılıb. Vergi orqanlı isə son 5 ildə satış qiymətini 60 qəpik hesablayıb) 39 min manat vergi borcu yazıb”, deyən vəkil Fəxrəddin Mehdiyev “Qasid” firmasının “Azadlıq” qəzetinə 69 min manat borclu olması barədə qaiməni hakimə təqdim edib.

“Əgər dövlət müəssisəsi olan “Qasid” satılmış qəzetlərin pulunu redaksiyaya qaytarmırsa qəzetin necə vergi borcu yarana bilər? Hansı ki, qəzetin vergi borcu yoxdur və hesablamalar düzgün aparılmayıb”, vəkil sual edib.

Vəkillər istintaqın Əmirlini imam kimi təqdim etməsi barədə dedikləri isə zalda gülüşlə qarşılanıb. Bu zaman AXCP sədri Əli Kərimli deyib ki, Faiq Əmirli həm də onun köməkçisidir.

“Əgər köməkçim imamdırsa, onda mənim də dini vəzifəmi müəyyən etmək lazımdır”, onun ironiya ilə dediyi bu sözlər zalda hamını güldürüb.

Vəkillər həmçinin diqqəti Faiq Əmirlinin xəstəliklərinə yönəldib.

“Əmirli mədəsindəki, öd kisəsindəki xəstəliklərdən əziyyət çəkir, ailəlidir, iki azyaşlı uşağı var. Əvvəllər məhkumluğu olmayıb. Onun istintaqdan qaçmaq, istintaqa təzyiq etmək imkanları yoxdur. İttihamlar absurddur. İmamın hansı məsciddə getdiyini heç kim görməyib, nifaq salmaq məqsədi olmayıb və istintaq heç nə sübut etməyib. Bütün bunlar onun azadlığa buraxılması və ya həbs qətimkan tədbirinin dəyişdirlməsi üçün əsaslar yaradır”, vəkil Layıcov qeyd edib.

Faiq Əmirlinin özü Amerikanın Səsinə bildirib ki, mədə, öd kisəsi ağrılaından və əsəbdən əziyyət çəkir.

“Dərmanlar verirlər və qəbul edirəm. Amma, dərmanların təsiri olmur, həbsxana şəraitində pəhriz saxlamaq mümkün deyil. Yəqin ki, yaxın zamanda öd kisəmdən əməliyyat olunacam”, o mədə xorasının ciddi problemlər yaratdığını diqqətə çatdırmaq üçün cibində saxladığı sellofan torbanı nümayiş etdirib.

XS
SM
MD
LG