Accessibility links

Mövsüm Səmədovun apellyasiya şikayətinə baxılır


Mövsüm Səmədov
Mövsüm Səmədov

Dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədovun Bakı Apellyasiya Məhkəməsində iyulun 10-da keçirilən məhkəmə prosesi onun vəkillərinin vəsatətlərinin hakim Vüqar Məmmədov tərəfindən rədd edilməsi ilə başlayıb.

2017-ci il mayın 14-də Qaradağ Rayon Məhkəməsində hakim Rəşad Məmmədov Mövsüm Səmədovun cəza rejiminin dəyişdirilib daha üç il Qobustan qapalı həbsxanasına köçürülməsi barədə qərar çıxarıb.

Qərar Mövsüm Səmədovun saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi Rauf Məmmədovun təqdimatı əsasında verilib.

Bu gün qapalı keçirilən məhkəmə prosesində baş verənlər haqda vəkil Yalçın İmanov məlumat verib.

Proses başlayan kimi vəkillər apellyasiya şikayətinə əlavə sübutların tələb olunması ilə baxılması barədə vəsatət veriblər. Müdafiə tərəfi vəsatəti onunla əsaslandırıb ki, M.Səmədovun qapalı həbsxanaya köçürülməsi barədə rayon məhkəməsinin qərarı 4 saatlıq proses sonunda çıxarılıb. Heç bir araşdırma aparılmayıb, istintaqa verilən şahid ifadələri alınmayıb. Qərar 16 səhifəlik işə 10 dəqiqə ərzində baxış keçirilməklə çıxarılıb ki, bu, obyektiv araşdırmanın aparılmamasının ifadəsidir.

Müdafiə tərəfi məhz buna görə, əlavə sübutların tələb olunmasının vacib olduğunu ifadə edib.

Ancaq məhkəmə vəsatəti rədd edib.

Vəkillərin şikayətə qismən məhkəmə istintaqının aparılması ilə baxılması barədə vəsatəti də rədd edilib.

Prosesdə iştirakı təmin edilən M.Səmədov hər iki vəsatəti dəstəkləyib.

Məhkəmə apellyasiya şikayətinə istintaq aparılmadan, əlavə sübutları tələb etmədən baxılmasına qərar verib.

Vəkilin və məhkum edilmiş şəxsin çıxış edəcəyi növbəti məhkəmə iclası iyunun 17-nə təyin edilib.

M.Səmədov 2011-ci ildə iqtidarı sərt tənqid etdikdəın sonra bir neçə tərəfdarı ilə qanunsuz silah axlamaq və başqa ittihamlarla saxlanıb.

O, 12 il həbs cəzası alıb. Avropa İnsan Hüquqları Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.

2014-cü il oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsinin qərarı ilə M.Səmədov 12 saylı cəzaçəkmə müəssisəsindən 2 illik Qobustandakı qapalı həbsxanaya köçürülüb. Şərtlərin sərtləşdirilməsi M.Səmədovun intizamı pozması ilə əsaslandırılıb. O, 2016-cı il noyabrın 28-də 12 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb.

M.Səmədov Azərbaycan hakimiyyətini korrupsiya və dindarların hüquqlarının pozulmasına görə kəskin tənqid edir. 2016-cı ilin avqustunda o, konstitusiyaya dəyişikliklərə etiraz olaraq Qobustan həbsxanasında aclıq aksiyası keçirib. Məhbus prezidentlik müddətinin, səlahiyyətlərinin artırılması və başqa dəyişikliklərə etiraz edib.

XS
SM
MD
LG