Accessibility links

Apellyasiya Məhkəməsi Gözəl Bayramlının şikayətini təmin etməyib [audio]


Gözəl Bayramlı, AXCP sədrinin müavini
Gözəl Bayramlı, AXCP sədrinin müavini

Avqustun 24-də Bakı Apellyasiya Məhkəməsi hakim Vidadi Məmmədovun sədrliyi ilə AXCP sədrinin müavini Gözəl Bayramlının onun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı şikayətini təmin etməyib. Bu barədə vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə müsahibəsində bildirib.

Avqustun 17-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə Gözəl Bayramlı barədə seçilmiş həbs qətimkan tədbiri daha iki ay uzadılıb.

Gözəl Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən sərhəddə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib.

Rəsmi məlumatda Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min ABŞ dollarI pul tapıldığı bildirilir.

"İş üzrə toplanmış istintaq materialları ilə həmçinin, müəyyən edilib ki, Gözəl Bayramlı 2015-ci ilin yanvar ayından hazırkı vaxtadək 41 dəfə Gürcüstana səfərlər edib. Lakin heç bir vaxt üzərində hər hansı pul vəsaitinin olmasını bəyan etməyib", məlumatda deyilir.

G.Bayramlı isə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar və onun həbsi siyasi xarakter daşıyır, Gürcüstana isə müalicə məqsədilə gedib. Son illər Gürcüstanda 2 dəfə əməliyyat olunub.

Gözəl Bayramlının özü bu gün keçirilən məhkəmə prosesində iştirak edib.

“Bayramlı yenə həbsininin sırf siyasi fəaliyyəti ilə bağlı olduğunu və hər hansı qaçaqmalçılıq cinayəti törətmədiyini, üzərində 12 min ABŞ dolları olmadığını məhkəmənin diqqətinə çatdırdı”, vəkil AXCP sədr müavininin çıxışına istinadən bildirib.

Vəkil bildirib ki, Gözəl Bayramlının həbsindən, eləcə də həbs müddətinin artırılması ilə bağlı məhkəmə qərarlarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırlayıb.

“Bu günlərdə hər iki şikayəti Avropa Məhkəməsinə göndərəcəyik” vəkil qeyd edib.

Sadıqovanın dediyinə görə, Bayramlının səhhətindəki problem olduğu kimi qalır.

“Gözəl xanım və vəkillər dəfələrlə müraciət edib ki, o həkim nəzarətində olsun, müalicəsi təşkil edilsin, dərmanları vaxtında verilsin. Ayaqlarında problemlər var, sərbəst yeriyə bilmir, əl ağacı ilə təmin edilməsi barədə müraciət etmişik. Amma bu müraciətlərimiz təmin edilməyib. Saxlanılan zaman götürülmüş dərmanları qaytarılıb, amma reseptlər ona qaytarılmadığından dərmanlardan istifadə qaydalarını bilmir. Həm də saxlanılan zaman ona yazılmış dərmanların hamısını almamaışdı. Ancaq bir ayağına dizlik veriblər, halbuki iki ayağında da problem var. Xəstəliyin bütövlükdə sağalmasına cəhd etmirlər”, o qeyd edib.

Vəkilin sözlərinə görə, Qızıl Xaç Komitəsinin nümayəndələri hələ Bayramlı ilə görüşməyib.

“Yalnız Ombudsman Aparatının nümayəndələri bir dəfə onunla görüşüb”, Sadıqova deyib.

please wait

No media source currently available

0:00 0:04:00 0:00

XS
SM
MD
LG