Accessibility links

Sentyabrın 20-də Bakı Hərbi Məhkəməsində MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi, həbsdə olan general Akif Çovdarov və onun tabeliyində işləmiş daha üç nəfərin - Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanovun məhkəmə iclası keçirilib.

Bugünkü iclasda təqsirləndirilən şəxslərin vəkilləri çıxışlarını yekunlaşdırıb.

İclasda A.Çovdarovun vəkilləri - Sadiq Rəsulov, Akif Çovdarov, Şahin Rəfiyev çıxış edib. Onlar müvəkkillərinin günahsız olduğunu deyiblər.

Vəkillər A.Çovdarov barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər. Ötən iki iclasda isə digər təqsirləndirilən şəxslərin vəkilləri müdafiə nitqi ilə çıxış ediblər. Onlar da müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş ediblər.

Vəkillərin çıxışından sonra A.Çovdarov və digərlər təqsirləndirilənlərə son söz demək təklif edilib. Lakin onlar çıxışa hazır olmadıqları üçün məhkəmədən vaxt istəyiblər. Buna görə iclas sentyabrın 27-də davam edəcək.

Akif Çovdarov və işçiləri 2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra həbs olunub.

Ümumilikdə həbs edilən “MTN-çi”lərin sayı 20-dən artıq olsa da, istintaqın sonunda onlar bir neçə qrupa bölünüb və işləri ayrı-ayrılıqda məhkəməyə göndərilib.

A.Çovdarov və keçmiş işçilərinə qanunsuz azadlıqdan məhrumetmə, hədə-qorxu ilə tələb etmə, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə də daxil olmaqla, 10-dan artıq maddə ilə ittiham irəli sürülüb.

Prokuror Akif Çovdarovun 15 il, Səlim Məmmədovun 12 il, Orxan Osmanov və Akif Əliyevin hər birinin isə 9 il azadlıqdan məhrum edilməsini təklif edib. Akif Əliyev və Orxan Osmanova münasibətdə CM-nin 62-ci elan olunmuş cəzadan (daha yüngül cəza təyin edilməsi) maddəsinin tətbiqi istənilib.

XS
SM
MD
LG