Accessibility links

Dövlət ittihamçısı keçmiş MTN generalına cəza istəyib


Noyabrın 13-də Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə dövlət ittihamçısı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevə Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevə cəza istəyib.

Yerli medianın məlumatına görə, dövlət ittihamçısı Elçin Quliyevin 15, Azər Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Həmçinin, dövlət ittihamçısı hər iki şəxsin hərbi rütbəsinin alınmasını, onların əmlaklarının müsadirə olunmasını istəyib.

2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra nazirliyin general-mayoru Elçin Quliyev Antiterror Mərkəzinin rəisi vəzifəsindən azad olunaraq, nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi. Amma bu vəzifədə təxminən bir ay işləyəndən sonra o, həbs olunub.

Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmə), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmə), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.

E.Quliyev onun tabeliyində işləmiş Azər Mehdiyevlə birlikdə mühakimə olunur.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən kənarlaşdırılıb. İki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG