Dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi-2" üzrə müttəhimlərə hökm oxunub. Müttəhimlər 12-15 il arasında həbsə məhkum edilib.
Xatırladaq ki, iş üzrə "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımov və 11 dindarın adı keçir.
E.Qasımov 2015-ci il noyabrın 5-də inzibati qaydada həbs edilib. Nardaranda "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırzadəyə və onun tərəfdarlarından ibarət qrupa qarşı xüsusi əməliyyatdan sonra onu hakimiyyəti ələ keçirməyə cəhddə, terrorizm, kütləvi iğtişaşların hazırlanması, narkotik maddələrin qanunsuz dövriyyəsi və digər ağır cinayətlərdə ittiham ediblər.
İş üzrə keçən digər şəxslər də analoji ittihamlarla həbs olunublar.
Müttəhimlərin hamısı "Müsəlman Birliyi" Hərəkatının üzvləridir.
Bu gün məhkəmə Elçin Qasımovu, Ağəli Yəhyayevi 15 il azadlıqdan məhrum edib. Ramil Əliyev 14 il, Nahid Qəhrəmanov 13 il həbs cəzası alıblar. Elgün Axundov, İsa İbrahimov, Vüsal Alış, Fərhad Muradov hər biri 12,5 il azadlıqdan məhrum edilib.
Seymur Aslanov, Seyfəddin Şirvanov, Əli Şahbazov və Əmirəli Əliyev 12 il, 3 ay müddətinə həbs cəzası alıblar.
Müttəhimlər onlara qarşı irəli sürülən ittihamları rədd ediblər və bildiriblər ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində etirafedici ifadə vermələri üçün işgəncələrə məruz qalıb.
Vəki Fariz Namazov ibtidai istintaq zamanı və məhkəmə prosesində çoxsaylı pozuntuların olduğunu bildirib.
Qeyd edək ki, Nardaran hadisələri üzrə 18 və 12 nəfərdən ibarət iki böyük qrup ("Nardaran işi-1" və "Nardaran işi-2") ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunaraq uzun müddətə həbs cəzası alıb.
50-yə yaxın adam narkotik maddənin qanunsuz dövriyyəsi və ictimai asayişin pozulması ittihamı ilə 2 ildən 6 ilədək mühakimə olunub.
Yerli hüquq-müdafiəçiləri Nardaran hadisələri ilə bağlı həbs edilənləri siyasi məhbuslar kimi tanıyıblar.