Accessibility links

Əfqan Muxtarlının məhkəməsində üç şahid ifadə verib [Vəkil Nemət Kərimlinin Amerikanın Səsinə müsahibəsi ]


Jurnalist ittihamı qəbul etmir

Dekabrın 28-də Balakən Rayon Məhkəməsində (Bakıdan 441 kilometr şimal-qərb) jurnalist Əfqan Muxtarlının işi üzrə məhkəmə prosesi şahidlərin ifadəsi ilə davam etdirilib.

Vəkil Nemət Kərimlinin Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:01:30 0:00

Gürcüstanda oturum izni alan jurnalist Ə.Muxtarlı mayın 29-da Tbilisinin mərkəzindən müəmmalı şəkildə Azərbaycana gətirilib. Muxtarlının sözlərinə görə, Gürcüstanın kriminal polis işçiləri Azərbaycanın hüquq-mühafizə orqanları ilə birgə onu oğurlayıb.

Sərhəddən keçərkən onun cibinə 10 min avro qoyublar və qaçaqmalçılıqda ittiham ediblər.

Ertəsi gün Ə.Muxtarlı Bakıya gətirilib. Məhkəmə onu Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham edərək həbs edib: 315 (hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhəddi qanunsuz keçmək) və 206.1 (qaçaqmalçılıq).

Vəkil Nemət Kərimli Amerikanın Səsinə müsahibəsində bildirib ki, bugünkü məhkəmə iclasında üç şahid ifadə verib.

“Bu gün şahidlərdən Qoşqar Muradov, Azər Bayramlı və Dövlət Xanbabayev dindirildi. Şahidlərdən birini Əfqan Muxtarlı tanıdı və dedi ki, bu şəxs onu sərhədin Gürcüstan hissəsində gürcülərdən təhvil alıb. Muxtarlı dedi ki, həmin şəxs onu təhvil alan kimi zəng edərək rəhbərliyinə bildirib ki, “molla bizdədir, molla ilə yasa gəlirik”. Jurnalisti həmin şahidin insan oğurluğu ittihamı ilə istintaqa cəlb edilməsi ilə bağlı Baş Prokurorluğa müraciət edilməsi barədə vəsatət verdi. Lakin məhkəmə vəsatəti təmin etmədi”, vəkil qeyd edib.

Digər şahidlər Əfqan Muxtarlıdan pul götürüldüyünü desələr də, pulun dollar və ya avro olduğunu bilməyib.

“Hətta şahidlər avronun hansı rəngdə olduğunu, üzərində hansı işarələrin olduğunu deyə bilmədilər”, vəkil qeyd edib.

"Əfqan Muxtarlı eyni zamanda bir daha bəyan etdi ki, ona qarşı irəli sürülən ittihamlar saxtadır və siyasi sifarişdir", vəkil əlavə edib.

Məhkəmə yanvarın 5-də davam etdiriləcək.

XS
SM
MD
LG