Accessibility links

Prokuror keçmiş MTN general və zabitlərinə 15 il həbs istəyib


Azərbaycanın Hərbi Məhkəməsi ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş yüksək vəzifəli zabitlərindən ibarət qrupun işinə baxışı yekunlaşdırır.

Fevralın 22-də Sabunçu rayon Məhkəməsinin binasında keçirilən iclasda prokuror son sözlə çıxış edib.

Dövlət ittihamçısı MTN-in keçmiş şöbə müdirlər, generallar Sübahir Qurbanov və Teymur Quliyevin hər birinin 16 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Digər idarənin sabiq rəisi, general Natəvan Mürvətova üçün prokuror 12 il azadlıqdan məhrumetmə cəzası istəyib.

Həmçinin, dövlət ittihamçısı keçmiş MTN zabitləri Fizuli Əliyevin 15 il, Zaur Məmmədovun 13 il, Natiq Əliyevin 14 il, Fərhad Atayevin 7 il, Anar Şirəliyevin 7 il, Eşqin Əliyevin 7 il, Elşad Əzizovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Prokurorluq həmçinin təqsirləndirilən şəxslərin hərbi rütbələrdən məhrum edilməsini zəruri hesab edir. Mürvətovadan başqa bütün təqsirləndirilən şəxslər həbsdədir.

Müttəhimlər 2015-ci ilin oktyabrında keçmiş MTN rəhbəri Eldar Mahmudovun vəzifədən kənarlaşdırılmasından və xüsusi xidmətlərdə kadr təmizliklərindən sonra həbs ediliblər. Onlar fırıldaqçılıqda, mənimsəmə və israf etməkdə, qanunsuz azadlıqdan məhrum etməkdə, talançılıqda, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunurlar. Məhkəmə prosesi martın 1-də davam etdiriləcək.

Digər iki məhkəmə prosesi çərçivəsində 10-dan çox MTN zabiti müxtəlif müddətlərə azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG